Bakı. 19 avqust. REPORT.AZ/ Xalq artisti Muxtar Maniyevin səhhəti qismən normallaşıb. Aktyor reanimasiyadan palataya köçürülüb.
Həyat yoldaşı Nəsibə Maniyeva "Report"a açıqlamasında deyib ki, xalq artisti özünü yaxşı hiss edir.
O qeyd edib ki, həkimlərin rəyinə əsasən, M.Maniyevin səhhətində müsbətə doğru irəliləyiş var: "Hazırda danışır, yaddaşı yaxşıdır. Sənət yoldaşları onu ziyarət edir.
M.Maniyev şəkər xəstəliyindən əziyyət çəkir və iki dəfə infarkt keçirib. Avqustun 6-da vəziyyəti pisləşən aktyoru Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdiriblər və orada cərrahiyyə əməliyyatı olunub. Onun sol ayağı topuqdan aşağı amputasiya edilib.
Xatırladaq ki, xalq artisti Muxtar Maniyev 1935-ci ildə Bakıda anadan olub. İlk təhsilini 199 saylı məktəbdə alıb. Neft-Kimya İnstitutunda mühəndis ixtisası üzrə təhsil alıb. Daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunda ikinci təhsil alıb. 157-dən çox filmə çəkilib.