Xalq artisti işdən çıxarıldığı teatrı ittiham edib

Xalq artisti işdən çıxarıldığı teatrı ittiham edib Valeh Kərimov teatrdan uzaqlaşdırılmasını haqsızlıq sayır
İncəsənət
21 Yanvar , 2015 14:23
Xalq artisti işdən çıxarıldığı teatrı ittiham edib

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycanın xalq artisti Valeh Kərimov Sumqayıt Dövlət Dram Teatrından işdən çıxarılıb. İşdən uzaqlaşdırılmasını haqsızlıq sayan Valeh Kərimov Sumqayıt Teatrının təməl daşını qoyan sonuncu aktyorun bu teardan belə haqsızlıqla uzaqlaşdırılmasını qanunsuz sayır.

Bu barədə "Report" a açıqlamasında Valeh Kərimov deyib.

"Mən Sumqayıt Teatrının təməl daşını qoyan ilk adamlardan biri, deyərdim ki, birincisiyəm. Bu teatr yaranan gündən indiyədək burada qalıb çalışan yeganə adam mən olmuşam. Bu teatrın veteranıyam. Sumqayıt Teatrında ilk xalq artisti, ilk prezident mükafatı alan adam, aktyor mən olmuşam. İndi nə oldu? 70 yaşım tamam olan kimi lazımsız oldum? Sumqayıt Teatrının direktoru İslam Həsənov deyir ki, "Bu məsələni qanun tənzimləyir", amma qanunları mən də bilirəm. Hər idarədə, təşkilatda bir-iki nəfəri saxlamaq olar. Yəni istisnalar etmək olardı. Teatrda nə təqaüd, nə işdən uzaqlaşdırılma? Aktyorun gücü varsa, səsi, nəfəsi yerindədirsə niyə də, çalışmasın? Çox inciyəm. Bu hərəkəti özümə, sənətimə qarşı böyük haqsızlıq sayıram".

Xalq artisti Valeh Kərimovun Sumqayıt Teatrından işdən çıxarılması ilə bağlı teatrın direktoru İslam Həsənovla əlaqə saxladıq. İslam müəllim "Report"a açıqlamasında bildirdi ki, Valeh Kərimovun işdən uzaqlaşdırılması qanun çərçivəsində həll olunub.

"Valeh Kərimova qarşı haqsızlıq olmayıb. Qanun belə tələb edir. Valeh Kərimovun 70 yaşı tamam olub və biz onu ştatdan çıxarıb, müqavilə sisteminə keçirmişik. Bu proses bütün teatrlarda gedir. Tək bizim teatra aid deyil. Bu dövlətin qanunudur. Əslində, 65 yaş tamam olanda bu addım atılmalıdır. Amma biz Valeh müəllimlə 5 il çalışdıq. Biz onu diqqətdən kənarda saxlamırıq. Valeh Kərimov teatrla müqavilə bağlamalıdır. Müqavilə sisteminə keçəndən sonra hər tamaşa müqabilində 34 manat pul alıb, tamaşalarını oynaya biləcək. Ayda 5 tamaşada çıxış etsə, maaşla eyni qaydada pul ala biləcək. Bizim Teatrda xalq artistinin limiti belədir. Hər tamaşa üçün 34 manat. Sumqayıt Teatrının bir neçə aktyor və aktrisaları var ki, müqavilə yolu ilə çalışırlar. Məsələn, xalq artisti Məzahir Süleymanovu və Svetlana Həkimovanı nümunə kimi göstərə bilərəm".

Sumqayıt Dövlət Dram Teatrının direktoru İslam Həsənov onu da bildirdi ki, Valeh Kərimov onunla telefon söhbətində əmək kitabçasını istəyib, İslam Həsənov isə ondan müqavilə bağlaması üçün teatra gəlməsini xahiş edib. Xalq artisti direktora rədd cavabı verib və müqavilə yolu ilə çalışmaq istəmədiyini bildirib.

Sumqayıt Teatrının direktoru İslam Həsənov onu da qeyd etdi ki, "Teatrımızın Valeh Kərimova ehtiyacı var. Bizim ona ehtiyacımız var. Onun bizə yox".

Valeh Kərimovdan başqa teatrla əməkdaşlıq edəcəyini soruşduqda, xalq artisti bildirdi ki, "Öz teatrım məni rədd etdi, mənə qoyduqları qiymət bu oldu. Başqa teatr mənə qiymət verəcək? "

Xatırladaq ki, Valeh Kərimov Sumqayıt Dövlət Dram Teatrı yaranan gündən bu günədək, bu teatrda çalışan yeganə aktyor olub. Sumqayıt Teatrının səhnəsində biri-birindən gözəl rollar ifa edən Valeh Kərimovu tamaşaçılar Moşu Göyəzənli surəti ilə tanıyıb, seviblər.  

Son xəbərlər

Orphus sistemi