Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 107-ci mövsümə uğurla başlayıb.
"Report" xəbər verir ki, Azərbaycan Dövlət Opera və Balet Teatrı bu mövsümdə də səhnəsində tanınmış vokal və balet sənəti ulduzlarının iştirakı ilə bir-birindən maraqlı tamaşalar təşkil edəcək.
Bu sıradan ilk tamaşa oktyabrın 9-da baş tutacaq “Jizel” baletinin tamaşasıdır. Adolf Adanın “Jizel” baleti dünya balet sənətinin incilərindən sayılır və bir çox aparıcı teatrların repertuarını bəzəyir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarına uzun illərdir daxil olan bu tamaşada baş rollarda teatrın aparıcı solistləri ilə yanaşı, vaxtaşırı məşhur balet ulduzları da çıxış edir.
Oktyabrın 9-da keçiriləcək tamaşada Jizel rolunu Ukrayna Milli Operasının prima-balerinası Olqa Qolitsa, Alfred rolunu isə çexiyalı balet ulduzu Van Yan ifa edəcək.
Qeyd edək ki, Olqa Qolitsa Ukraynanın əməkdar artisti, balet artistlərinin bir neçə beynəlxalq müsabiqəsinin qızıl medalının sahibidir. Almaniya, Avstriya, İtaliya, Belçika, ABŞ, Fransa, Yaponiya, Hollandiya, İspaniyada uğurlu qastrol səfərlərində olub. Xairici KİV-lər və teatr tənqidçiləri onun balet artisti üçün vacib olan ən yüksək göstəricilərə, səhnə görkəmi və artistizmə malik olduğunu hər zaman qeyd edir. Onun tərəf müqabili Van Yan balet artistlərinin beynəlxalq müsabiqələrinin qalibi kimi vətəni Çexiyada kifayət qədər tanınmış sənətçidir. Bununla yanaşı, o, Ukrayna Milli Operasında müqavilə ilə çalışır və dünyanın bir sıra ölkələrində qastol səfərlərində olur.