Bakı. 18 noyabr. REPORT.AZ/ Noyabrın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin “Trubadur” operasının tamaşası keçiriləcək.
"Report" xəbər verir ki, tamaşada əsas partiyalardan biri – Leonoranı gənc və istedadlı vokalçı, əməkdar artist, Prezident mükafatçısı Afaq Abbasova, onun tərəf müqabili Manriko partiyasını isə əməkdar artist Fərid Əliyev ifa edəcək.
Bakı Musiqi Akademiyasının məzunu Nina Makarova isə ilk dəfə tamaşada Azuçena rolunda çıxış edəcək
Azərbaycan Opera və Balet Teatrının solistləri ilə yanaşı, tamaşada Ukrayna Milli Operasının aparıcı solisti Dmitri Qrişin də çıxış edəcək.
Qeyd edək ki, D.Qrişin vokalçıların beynəlxalq müsabiqələrinin laureatıdır. O, bir çox Avropa ölkələri – Macarıstan, İspaniya, Niderland, Almaniya və Şotlandiyada uğurlu qastrol səfərlərində olub. Ukraynalı vokalçı tamaşada Qraf de Luna partiyasını ifa edəcək.
Tamaşanın dirijoru "Dirijorların beynəlxalq müsabiqələrinin və Milli “Humay” mükafatının laureatı" Əyyub Quliyevdir.