“Testene Art Baku” II Beynəlxalq İncəsənət Festival-müsabiqəsi başlayıb

“Testene Art Baku” II Beynəlxalq İncəsənət Festival-müsabiqəsi başlayıb Mərdəkan Mədəniyyət Sarayında qaliblərin konserti və mükafatlandırılma mərasimi baş tutacaq
İncəsənət
28 Mart , 2018 15:28
“Testene Art Baku” II Beynəlxalq İncəsənət Festival-müsabiqəsi başlayıb

Bakı. 28 mart. REPORT.AZ/ “Testene Art Baku” II Beynəlxalq İncəsənət Festival-müsabiqəsi başlayıb.

Bu barədə "Report"a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən məlumat verilib. 

Tədbir Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi, İtaliyanın “Testene Art Baku” Beynəlxalq Mədəniyyət Assosiasiyası və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin birgə təşkilatçılığı ilə keçirilir. 

Müsabiqədə münsiflər heyəti kimi Rusiyanın xalq artisti Viktor Pelenyaqre, Rusiya və Tatarstanın xalq artisti Renat İbrahimov, bəstəkar, pianoçu, Litva Musiqi Akademiyasının professoru Arturas Ankskauskas, Vilnüs Musiqi Akademiyasının professoru, Litva-Avstrya Cəmiyyətinin prezidenti Petras Kunka iştirak edirlər.

Müsabiqə 7 nominasiya - vokal, instrumental, rəqs, teatr, folklor, təsviri incəsənət, moda və dizayn üzrə keçirilir. Müsabiqənin ilk günündə simli alətlər üzrə akademik vokal və fortepiano ifaçılarının çıxışları dinlənilib. Martın 28-də müsabiqədə nəfəs və zərb alətləri, xor, ansambl, xalq çalğı alətləri üzrə, martın 29 və 30-da isə estrada oxuma və rəqs nominasiyaları üzrə çıxışlar davam edəcək.

Qeyd edək ki, martın 30-da saat 14:00-da Mərdəkan Mədəniyyət Sarayında qaliblərin konserti və mükafatlandırılma mərasimi baş tutacaq. Festivalda qalib gələn iştirakçılar I, II, III dərəcəli diplomlarla təltif olunacaqlar, onlara xüsusi hədiyyələr və təşəkkürnamələr veriləcək. Vokalçılar arasında Qran-pri mükafatına layiq görüləcək iştirakçıya qalib üçün Rusiyanın xalq artisti Viktor Pelenyaqre tərəfindən xüsusi bəstələnmiş mahnı hədiyyə olunacaq.

Son xəbərlər

Orphus sistemi