Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Teatr Xadimləri İttifaqı (TXİ) tanınmış aktyor, uzun illər Akademik Milli Dram Teatrında çalışan əməkdar artist Məcnun Hacıbəyovun 80 illik yubileyi münasibətilə tədbir keçirəcək.
Bu barədə "Report"a İttifaqdan məlumat verilib.
Oktyabrın 5-də keçiriləcək tədbirdə Məcnun Hacıbəyovun sənət dostları, tanışları və yubilyarın özü iştirak edəcək.
Xatırladaq ki, hazırda Məcnun Hacıbəyov Qubanın ikinci Nügədi kəndində yaşayır.
Azərbaycan teatrında maraqlı obrazlar yaradan Məcnun Hacıbəyov 1935-ci il oktyabrın 5-də Quba rayonunun İkinci Nügədi kəndində anadan olub. 10 illik orta məktəbi kənddə bitirən M.Hacıbəyov, akyorluq istedadını isə elə uşaq yaşlarından hiss etməyə başlayıb. O, 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. M.Hacıbəyov “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Yarımştat” kimi televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.