​Tbilisidə azərbaycanlı rəssamın sərgisi açılıb

​Tbilisidə azərbaycanlı rəssamın sərgisi açılıb “Həmvətənimizin sərgisinin keçirilməsindən qürur duyuruq”
İncəsənət
17 İyun , 2015 16:14
​Tbilisidə azərbaycanlı rəssamın sərgisi açılıb

Bakı. 17 iyun. REPORT.AZ/ Tbilisidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) və Gürcüstan Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Tbilisi şəhərində Hacı Rizvan İsmayılovun "Şərq müdriklərinin qonaqlığında" adlı rəsm sərgisi açılıb. Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Sərginin açılışında Tbilisidə baş vermiş təbii fəlakət zamanı dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və həlak olanların ailəsinə başsağlığı verilib.

Tədbirin əvvəlində Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov çıxış edərək iştirakçılara sərgi haqqında məlumat verib.

Daha sonra Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, qaçqınlar və yerləşdirmə məsələləri üzrə naziri Sobar Subari, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Türkiyə Cumhuriyyətinin Gürcüstandakı səfiri Zəki Levent Gümrükçü, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin nümayəndələri, Gürcüstan Parlamentinin deputatı, rəssam Levan Moisaşvili və başqaları çıxış edərək rəssamın əsərlərində islam mədəniyyətinin saflığı, möhtəşəmliyi, müasirliyinin, həqiqət və irfan yolunun əks olunduğunu bildiriblər. Hacı Rizvan İsmayılovun əsərlərinin olduqca dərin fəlsəfi məna kəsb etdiyini qeyd ediblər.

Gürcüstanın barışıq və vətəndaş məsələləri üzrə dövlət naziri Paata Zakareişvili sərgini yüksək qiymətləndirib: "Bu əsərlər yaddaqalan, pozitiv, həmçinin düşündürücü əsərlərdir. Həmvətənimizin sərgisinin keçirilməsindən qürur duyuruq. O, islam mədəniyyətini təbliğ edir. İslam mədəniyyəti böyük və müasirdir”.

Tədbirdə müxtəlif din xadimləri, gürcü ziyalıları, rəssamlar, gənclər çıxış edərək sərgi haqqında təəssüratlarını paylaşıblar.

Sərgidə iştirak edənlərə rəssamın əsərlərindən ibarət kataloq təqdim olunub. Həmin kataloq AMM tərəfindən çap edilib.

Qeyd edək ki, rəssamın 73 rəsm əsərinin nümayiş etdirildiyi sərgi daha iki gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi