Tbilisidə “Son iclas” bədii-sənədli filminin təqdimatı olub

Tbilisidə “Son iclas” bədii-sənədli filminin təqdimatı olub Tbilisi. 20 dekabr. REPORT.AZ/ Gürcüstan paytaxtı Tbilisi şəhərində Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu, Heydər Əliyev Fondunun dəstəyi və “BP Azerbaijan” şirkətinin sponsorluğu ilə hazırlanan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş “Son iclas” bədii-sənədli filminin təqdimatı keçirilib.
İncəsənət
1397
20 Dekabr , 2018 23:11
Tbilisidə “Son iclas” bədii-sənədli filminin təqdimatı olub

Tbilisi. 20 dekabr. REPORT.AZ/ Gürcüstan paytaxtı Tbilisi şəhərində Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu, Heydər Əliyev Fondunun dəstəyi və “BP Azerbaijan” şirkətinin sponsorluğu ilə hazırlanan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş “Son iclas” bədii-sənədli filminin təqdimatı keçirilib.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, tədbir Azərbaycanın Gürcüstandakı səfirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Amirani” kinoteatrında baş tutub.

Filmin nümayişindən öncə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov AXC-nin yaranma tarixindən danışıb. O bildirib ki, cəmi 23 ay yaşamasına baxmayaraq, AXC Şərqin ilk və ən demokratik respublikasına çevrilə bilib və ilk respublika Azərbaycan xalqının milli qürur mənbələrindən biridir.

Diplomat AXC-nin 100 illiyi ilə əlaqədar Gürcüstanda keçirilmiş sərgi, rəsmi qəbul, konfrans və digər silsilə tədbirlər barədə də məlumat verib:

“Bu gün “Son iclas” filminin nümayişi Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş sonuncu tədbirdir. Film Cumhuriyyətin son günlərində baş verən hadisələrdən bəhs edir və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir”.

Daha sonra “Son iclas” filmi ingilis dilində gürcücə subtitrlərlə nümayiş etdirilib. Tamaşaçılar arasında Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, “BP Georgia” şirkətinin nümayəndələri, tanınmış azərbaycanlı və gürcü ziyalılar, gənclər və tələbələr olub. Film izləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Filmə tamaşa edən gürcü politoloq Tengiz Txilava jurnalistlərə ekran əsərinin yüksək peşəkarlıqla hazırlandığını deyib:

“Film məndə çox güclü təəssürat yaratdı. Ekran əsərinə sona qədər demək olar ki, bir nəfəsə tamaşa etdim. Film bir tərəfdən çox emosional hazırlanıb, digər tərəfdən də maraqlı faktlarla zəngindir. Təəssüf edirəm ki, Gürcüstanda ilk respublikanın yaradılmasının 100 iliyinə həsr olunmuş bu cür film hazırlanmayıb”.

Film bundan əvvəl Antalyada nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi