Sezannın əsəri muzeydə gizli satıldı

Sezannın əsəri muzeydə gizli satıldı Sezannın rəsm əsəri 100 milyon dollara satılıb
İncəsənət
23 Dekabr , 2014 07:19
Sezannın əsəri muzeydə gizli satıldı

Bakı. 23 dekabr. REPORT.AZ/ ABŞ-ın Detroyt şəhərində (Miçiqan ştatı) yerləşən Edsel və Elonora Ford muzeyi keçən il kolleksiyasında olan postimpressionist fransız rəssamı Pol Sezannın rəsm əsərini 100 milyon dollara satıb. 1904-cü ildə çəkildiyi ehtimal olunan “Sent-Viktuar dağının Şato-Nuar ağaclığından görünüşü” əsərinin yeni sahibini adı açıqlanmır.

"Report" AzərTAC-a istinadla xəbər verir ki, Detroytdakı İncəsənət İnstitutuna problem yaratmasın deyə əsərin satılması uzun müddət gizlin saxlanılıb. Əsərin satıldığı dövrdə ABŞ-ın avtomobil paytaxtı iflas vəziyyətində idi və muzeyin aqibəti 4,6 milyard dollar həcmində qiymətləndirilən kolleksiyası ilə birlikdə qaranlıq qalmışdı.

Rəsmin satılmasından bu yaxınlarda xəbər tutan İncəsənət İnstitutunun direktoru Qrem Bil muzeyin belə düşünülmüş addım atmasından qürur duyduğunu bildirib.

Muzey rəhbərliyinin və Ford ailəsinin də daxil olduğu direktorlar şurası “Sent-Viktuar dağının Şato-Nuar ağaclığından görünüşü” əsərinin alıcısının, həmçinin Sezannın akvarelini də almaq niyyətində olduğunu, lakin bu təklifi rədd etdiklərini deyib.

Amerikalı sahibkar Henri Fordun oğlu Edsel və onun həyat yoldaşı Elonoraya məxsus malikanədə yerləşən muzey əsərin satışından əldə edilən vəsait hesabına kolleksiyalarını qorumaq və restavrasiya etmək niyyətindədir. Hər il muzeyi 60 mindən artıq insan ziyarət edir.

Qeyd edək ki, Pol Sezannın “Kart oynayanlar” rəsmi (1892-1893) hazırda dünyanın ən bahalı incəsənət əsəridir. O, 2011-ci ildə Qətərin hökmdar ailəsinə 250 milyon dollardan da baha satılmışdı.

Son xəbərlər

Orphus sistemi