Bakı. 14 aprel. REPORT.AZ/ Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı Bakıya qastrol səfərinə gələcək.
Bu barədə "Report"a Şəki Teatrının baş rejissoru Mirbala Səlimli açıqlama verib.
Baş rejissorun sözlərinə görə, iyunun əvvəlində Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Şəki Teatrının iki tamaşası nümayiş etdiriləcək.
Tamaşalardan biri Səməd Vurğunun "Vaqif" dramının motivləri əsasında rejissor Mərdan Feyzullayevin hazırladığı eyniadlı tamaşadır. Bakı tamaşaçılarına nümayiş etdiriləcək ikinci tamaşa isə, İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" əsəridir.
Şəki Teatrı tamaşalarını iyunun 7-8-də təqdim edəcək.