"Sarı gəlin" tamaşasının premyerası keçiriləcək

"Sarı gəlin" tamaşasının premyerası keçiriləcək Tarixi faktlar əsasında hazırlanmış tamaşanın rejissoru respublikanın əməkdar artisti Nicat Kazımovdur
İncəsənət
25 Oktyabr , 2016 13:06
Sarı gəlin tamaşasının premyerası keçiriləcək

Bakı. 25 oktyabr. REPORT.AZ/ “Sarı gəlin” səhnələşdirilmiş şəkildə tamaşaçılara təqdim olunacaq. 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məqsəd “Sarı gəlin” mahnısının yaranma tarixini faktlar əsasında dəqiqliyi ilə tamaşaçılara daha yaradıcı şəkildə təqdim edilməsidir. 

Tarixi faktlar əsasında hazırlanmış tamaşanın rejissoru respublikanın əməkdar artisti Nicat Kazımovdur.

Layihənin təqdimatı oktyabrın 27-də saat 19.00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. Mərasimdə dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin və xarici ölkə səfirlərinin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, “Sarı gəlin” mahnısı Oğuz igidlərindən biri olan Xaqan adlı gəncin Flavian adlı (Flavian sözünün yunancadan tərcüməsi “sarı” deməkdir. Adın Azərbaycan versiyası Saradır) yunan gözəlinə olan sevgisindən yaranmış bir eşq naləsidir. Flavianın atası qızını siyasətin qurbanına çevirərək Lakabos adlı yunan sərkərdəsinə ərə vermək istəyir. Bundan xəbər tutan Xaqan qızı qaçırır. Az sonra Xaqan toy rüxsəti almaq üçün Qazan xanın yanına gedir. Bundan istifadə edən Lakabos Flaviana sahib çıxmağa çalışır. Öz təmiz sevgisini ləkədən qorumaq üçün Flavian özünü Arpa çayına atır və elə bu hadisədən də Azərbaycan musiqisinin daha bir incisi “Apardı sellər Saranı” mahnısı yaranır.

Xatırladaq ki, gənclər və İdman Nazirliyi tərəfindən layihənin keçirilməsində əsas məqsəd gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, adət və ənənələrin onlar tərəfindən qorunub saxlanması və təbliğ edilməsidir.

Üç hissədən ibarət olacaq layihənin ilk bölümündə yerli və xarici qonaqlar əvvəlcə foyedə qurulmuş “Azərbaycan musiqisi tarixinə səyahət” adlı sərgi ilə tanış olacaqlar. Sərgidə qonaqlar Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi tərəfindən layihədə sərgilənmək üçün təqdim edilmiş qədim musiqi alətləri, eyni zamanda Bakı Milli Geyim Evi tərəfindən hazırlanmış qədim və milli geyimlərlə tanış olacaq, milli ornamentli xalçalarımıza baxış keçirəcək, milli və tətbiqi sənət məhsulları ilə tanış olacaqlar. Sərgidə qonaqlar üçün muğam və milli musiqilər səsləndiriləcək.

Daha sonra teatrın zalında “Sarı gəlin” mahnısının tarixçəsi haqqında hazırlanmış videomaterialın təqdimatı keçiriləcək. Videomaterialda “Sarı gəlin” layihəsinin elmi rəhbəri, AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, dövlət mükafatı laureatı Yaqub Mahmudov və Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülzar Abdullazadənin mahnının yaranma tarixi haqda təqdim etdikləri faktlar müsahibələr şəklində nümayiş olunacaq.

Sonda 150 nəfərə yaxın tələbə və aktyorun iştirakı ilə hazırlanmış “Sarı gəlin” tamaşası təqdim etdiriləcək.

Son xəbərlər

Orphus sistemi