"Şah İsmayıl Xətai və Zahirəddin Məhəmməd Babur" adlı ədəbi-bədii kompozisiya keçiriləcək

"Şah İsmayıl Xətai və Zahirəddin Məhəmməd Babur" adlı ədəbi-bədii kompozisiya keçiriləcək Tədbir Özbəkistanın Azərbaycandakı səfirliyi, Azərbaycan-Özbəkistan Dostluq Fondu və Azərbaycan Yaradıcılıq Fondunun təşəbbüsüylə baş tutacaq
İncəsənət
30 Mart , 2016 17:04
Şah İsmayıl Xətai və Zahirəddin Məhəmməd Babur adlı ədəbi-bədii kompozisiya keçiriləcək

Bakı. 30 mart. REPORT.AZ/ Aprelin 7-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "Şah İsmayıl Xətai və Zahirəddin Məhəmməd Babur. İki sərkərdə, iki şair" adlanan ədəbi-bədii kompozisiya keçiriləcək.

Bu barədə "Report" a Azərbaycan Yaradıcılıq Fondunun "Sönməyən ulduzlar" Teatrının rəhbəri Rafiq Kaşanlı açıqlama verib.

Onun sözlərinə görə, tədbir Özbəkistanın Azərbaycandakı səfirliyi, Azərbaycan-Özbəkistan Dostluq Fondu və Azərbaycan Yaradıcılıq Fondunun birgə təşəbbüsüylə keçiriləcək.

Tədbirin əsas mahiyyəti 15-16-cı əsrlərdə Səfəvilər dövləti və Babur İmperatorluğunun, iki türk dövlətinin sərkərdəsi və şairi olmuş böyük tarixi şəxsiyyətlərin həyatını, dostluğunu əks etdirəcək.

Tədbirin rəsmi hissəsində dövlət müşaviri Kamal Abdulla, millət vəkili Eldar İbrahimov, Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev çıxış edəcəklər. Bundan sonra Azərbaycan Yaradıcılıq Fondunun "Sönməyən ulduzlar" Teatrının hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdiriləcək.

Teatrlaşdırılmış kompozisiyada Şah İsmayıl Xətai obrazını teatrın aktyoru, əməkdar artist Rafiq İbrahimov, Zahirəddin Məhəmməd Babur obrazını isə Ağazadə Həsənov ifa edəcək.

Tədbirin ssenari müəllifi filologiya elmləri doktoru, Nəvaişünas Tərlan Quliyev və Zemfira Kadırovadır.

Rejissor Yusif Əkbərdir.

Tədbir təşkilatçıları akademik Ramiz Mehdiyev və Xətai haqqında araşdırmaların müəllifi Namiq Musalının kitablarında yazılan tarixi faktlardan bəhrələnib

Ədəbi-bədii kompozisiyada Azərbaycanın tanınmış muğam ifaçılarının ifasında Şah İsmayıl Xətai və Zahirəddin Məhəmməd Baburun qəzəlləri səsləndiriləcək.

Tədbir Müslüm Maqomayevin "Azərbaycan" mahnısının sədalarıyla başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi