Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti, S.Vurğun adına Rus Dram Teatrının aktrisası Rita Əmirbəyovanın 60 yaşının tamam olması münasibətilə teatrda yubiley tamaşası hazırlanacaq.
"Report" xəbər verir ki, yubiley münasibətilə hazırlanan A.Saqarellinin "Xanuma" tamaşası yeni teatr mövsümündə təhvil veriləcək.
Qeyd edək ki, Rita Cəmil qızı Əmirbəyova 1955-ci ildə anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib.
1978-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında çalışır.
Aktrisanın yaradıcılıq bioqrafiyasında Aysidora Dunkan (Z.Saqalov "Aysidora Dunkan"), Emi Qosuil (Q.Qorin "Dördüncü Kin"), Təhminə (Anar "Təhminə və Zaur"), Ametistova (N.Ptuşkina "Əvvəlcədən ödəmə"), Tereza (İ.Jamiak "Azaliya"), Meqqi (B.Sleyd "Şərəfləndirmə"), Oluen Piil (D.Pristli "Səmimi, kiçicik məclis"), Qadın (Elçin "Qatil") obrazları xüsusi yer tutur.
R.Əmirbəyova "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir neçə kinofilmlərinə çəkilib.
Aktrisanın sənət yolunu oğlu, Rus Dram Teatrının aktyoru Oleq Əmirbəyov davam etdirir.