Bakı. 23 may. REPORT.AZ/ Rəssam Vüqar Muradovun “Rənglərin formulu” adlı fərdi sərgisi keçiriləcək.
Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, nazirliyin təşkilatçılığı ilə keçirilən sərgi iyunun 3-də saat 17:30-da Azərbaycan Muzey Mərkəzinin dördüncü mərtəbəsində olacaq.
Sərgidə müəllifin 80-ə yaxın rəngkarlıq və qrafika əsərləri nümayiş olunacaq.
Qeyd edək ki, V.Muradov Azərbaycan müasir rəngkarlığının nümayəndəsidir. 1986-cı ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. O, Azərbaycan Rəssamlar İttifaqı, Karikaturaçılar Birliyinin və Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.
Onun əsərləri ABŞ, Türkiyə, İtaliya, Fransa, Almaniya, Niderland, Belçika, Lüksemburq, İran və b. ölkələrdə nümayiş olunub və şəxsi kolleksiyalarda saxlanılır.
“Rənglərin formulu” Vüqar Muradovun 6-cı sərgisidir.