Reanimasiyaya düşən əməkdar incəsənət xadimi: "Evə getmək istəmirəm"

Reanimasiyaya düşən əməkdar incəsənət xadimi: "Evə getmək istəmirəm" "Hazırda özümü yaxşı hiss edirəm"
İncəsənət
12 Yanvar , 2015 14:10
Reanimasiyaya düşən əməkdar incəsənət xadimi: Evə getmək istəmirəm

Bakı.12 dekabr. REPORT.AZ/ "Hazırda özümü yaxşı hiss edirəm". Bunu "Report"a xəstəxanada müalicə olunan əməkdar incəsənət xadimi, bəstəkar Rəşid Şəfəq deyib.

O, halının qəflətən pisləşdiyini, xəstəxanaya dostları tərəfindən gətirildiyini bildirib: "Üç gündür reanimasiyadayam. Reanimasiyada olmağıma baxmayaraq, özümü normal hiss edirəm. Yəni burada yatan ağır xəstələrə baxanda mənim vəziyyətim şükürlüdür. Ağır xəstələrin yanında özümü pis hiss edirəm".

O, Kukla Teatrında "Sehrli üzük" əsərinin premyerası olduğunu xatırladıb: "Həmin tamaşadan qayıdandan sonra halım pisləşdi. Sabah yəqin ki, məni palataya köçürərlər".

Bəstəkar xəstəxanadan çıxandan sonra evə getmək istəmədiyini də bildirib: "Ev şəraitim elə gündədir ki, heç evə yazılmaq istəmirəm. Yaradıcı adamın əsəblərinə hər şey toxunur. Bu il 75 yaşım tamam olur. 70 illiyimi unutdular, qeyd etmədilər. Görək 75 illik yubileyim yadlarına düşəcək? Hər halda sağ-salamat qalsam, yubileyimin qeyd edilməsini çox istəyərdim".

Qeyd edək ki, bəstəkar Rəşid Şəfəq 1940-cı ildə Bakıda anadan olub. Yaradıcılığını əsasən uşaqlara həsr edən bəstəkar 80-ci illərdə tanınmış rus şairi S.Marşakın poemaları əsasında “Səfeh siçan balası”, “Ağıllı siçan balası” nağıllarını musiqi dilinə çevirərək maraqlı uşaq operaları yaradıb. Rəşid Şəfəqin Moskvada nəşr olunan “Ana yurdumuz” mahnılar almanaxında xor və solistlər üçün nəğmələri, “Cəngavərlər” vokal-xor silsiləsindən miniatürləri keçmiş SSRİ miqyasında geniş yayılıb.

Onun mahnıları “Qaya” vokal kvarteti, “Sevil” vokal-instrumental ansamblı və digər peşəkar musiqi ifaçıları tərəfindən radio, televiziya efirində səsləndirilib. Uşaq xor kollektivlərinin, o cümlədən AzTV-nin "Bənövşə" uşaq xorunun, "Qız qalası" uşaq xor kapellasının, "Mələklər", "Bəri bax" vokal ansambllarının ifasında mahnıları bu gün də səslənməkdədir.

Son xəbərlər

Orphus sistemi