"Qara bağ" və "İnikas" filmlərinin təqdimatı olub

"Qara bağ" və "İnikas" filmlərinin təqdimatı olub Hər iki filmi gənc rejissor ekranlaşdırıb
İncəsənət
9 May , 2015 11:07
Qara bağ və İnikas filmlərinin təqdimatı olub

Bakı. 9 may. REPORT.AZ/ Mayın 8-də Nizami Kino Mərkəzində C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş, gənc rejissorlar Amil Məmiyevin "Qara bağ", Ayşad Səfərəliyevin "İnikas" qısametrajlı bədii filmlərinin təqdimatı keçirilib. 

"Report" xəbər verir ki, hər iki filmin rejissoru Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin (VQİK) məzunlarıdır. Ekranlaşdırılan filmlər gənc rejissorların diplom işləri kimi istehsal edilib.

"Qara bağ" adlanan ilk film arzu ağacına bağlanan qara düyünlər mənasındadır və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülüb. Filmdə məcburi köçkünlərin hazırkı yaşayışı, Qarabağ həsrəti bir sıra metaforik simvollarla əks olunub.

"Qara bağ" filminin ssenari müəllifi Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfər və başqaları çəkilib.

"İnikas" qısametrajli bədii filmi isə SSRİ dövründə Ağdam şəhərində yaşayan azərbaycanlı ailənin başına gələn mistik hadisədən bəhs edir. Babasının çardağından tapdığı köhnə fotoaparat ilə qarşısına çıxan hər şeyi çəkən Cavid şəkilləri aşkarlayanda onu nə gözlədiyini hələ bilmir.

Ekran əsərinin ssenari müəllifi Ayşad Səfərəliyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə Elşən Rüstəmov, Tofiq Əliyev, Nargilə Qəribova çəkilib. 

Son xəbərlər

Orphus sistemi