Parisdə azərbaycanlı modelyerin kolleksiyası nümayiş olunub - FOTO

Parisdə azərbaycanlı modelyerin kolleksiyası nümayiş olunub - FOTO Təqdimat milli musiqilərimizin sədaları altında baş tutub
İncəsənət
233
5 Oktyabr , 2017 07:07
Parisdə azərbaycanlı modelyerin kolleksiyası nümayiş olunub - FOTO
Foto: Report.az

Paris. 5 oktyabr. REPORT.AZ/ Parisdə moda həftəsi çərçivəsində Avstraliyada yaşayan azərbaycanlı modelyer Həcər Qalanın kolleksiyası nümayiş olunub.

"Report"un Fransa bürosu xəbər verir ki, dəfilə Azərbaycanın Fransadakı səfirliyi və Azərbaycanın Dostları Assosiasiyasının (ADA) dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzində baş tutub.

Tədbirdə ADA-nın prezidenti Jan-Fransua Mansel, onun baş katibi, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, Fransanın tanınmış modelyerləri iştirak ediblər.

Həcər Qala "Report"a bildirib ki, o, 20 ildən artıqdır ki, Avstraliyada yaşayıb-yaratmasına baxmayaraq öz əl işlərini doğma Vətəni Azərbaycanın zəngin mədəni irsindən ilhamlanaraq ərsəyə gətirib. Modelyer, kolleksiyasını yaradarkən milli geyimləri müasir geyimlərə transformasiya etdiyini, o cümlədən klassik və müasir üslubun sintezini yaratdığını bildirib.

“Mənə Azərbaycanı, onun geyim mədəniyyətini fransızlara yaxından tanıtmaq səadəti nəsib olduğuna görə sevinir və qürur hissi keçirirəm. Məqsədim milli geyimlərimizin səciyyəvi elementlərini, dekorativ tikmə növlərini fransız tamaşaçılarına göstərmək idi. Paris modalar paytaxtıdır. Kolleksiyamla bu şəhərə gəlmək ən böyük arzum idi. Lakin daha böyük arzum əl işlərimi doğma vətənim Azərbaycanda nümayiş etdirməkdir”, - deyə modelyer bildirib.

Avstraliya dövlətinin xətti ilə Parisə gəlmiş modelyer zəngin milli musiqilərimizin sədaları altında, milli geyimlərimizin səciyyəvi elementlərini daşıyan kolleksiyası ilə moda dünyasının beşiyində Azərbaycanı təmsil edib və fransalıların böyük marağına səbəb olub.

Vüsalə İsmətqızı

Son xəbərlər

Orphus sistemi