Nəsibə Zeynalovanın ad günüdür

Nəsibə Zeynalovanın ad günüdür Mərhum sənətkarın 99 yaşı tamam olur
İncəsənət
127
20 Aprel , 2015 09:49
Nəsibə Zeynalovanın ad günüdür

Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın xalq artisti, mərhum sənətkar Nəsibə Zeynalovanın doğum günüdür.

"Report" xəbər verir ki, görkəmli sənətkarın 99 yaşı tamam olur.

N.Zeynalova 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və eyni zamanda aktyor olub. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov sayılır. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkləşdiyini görmək C.Zeynalova nəsib olmayıb.

N.Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib. Azərbaycan teatrsevərləri arasında "qaynana" kimi sevilən, milli Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, 40 ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım biri-birindən gözəl və maraqlı sənət əsərlərində unudulmaz obrazlar canlandırıb.

Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermedialarda çıxış etmiş N. Zeynalova, həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib.

Nəsibə xanım 2004-cü il martın 10-da Milli Teatr Günündə dünyasını dəyişib.

N.Zeynalovanın sənət yolunu oğlu Cahangir Novruzov davam etdirir. 20 ildir Türkiyədə yaşayan Cahangir Novruzov Türk teatrının təşəkkül və inkişafında zəngin bilik və bacarığından istifadə edir. 

Son xəbərlər

Orphus sistemi