Müslüm Maqomayevin anım mərasimi keçirilib - FOTO

Müslüm Maqomayevin anım mərasimi keçirilib - FOTO
İncəsənət
17 Avqust , 2018 18:10
Müslüm Maqomayevin anım mərasimi keçirilib - FOTO

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycanın görkəmli müğənnisi, bəstəkar, SSRİ xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli Müslüm Maqomayevin anadan olmasının 76 illiyinə həsr olunan mərasim keçirilib. 

“Report” xəbər verir ki, I Fəxri xiyabanda baş tutan tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətov, xalq artisti Eldar Quliyev və bir sıra incəsənət xadimləri iştirak ediblər. 

Tamara Sinyavskaya anım mərasiminə gələn hər kəsə öz təşəkkürünü bildirib: "Bura gələn insanlara təşəkkür edirəm ki, onlar Müslüm Maqomayevin xatirəsini özləri ilə bərabər evlərinə aparırlar, gənc nəsilə təbliğ edirlər. Bakıdakı bütün dostlara onu unutmadıqları üçün təşəkkür edirəm".

Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub.

1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.

1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib, bir il sonra Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.

1975-ci ildə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb.

O, "Seviliya bərbəri" operasında möhtəşəm çıxışı ilə milyonlarla tamaşaçının rəğbətini qazanıb. Bununla bərabər Maqomayev “Nizami” filmində baş rolda çəkilib, Eldar Quliyevin filminə, Qleb Drozdovun tamaşasına musiqi bəstələyib. Maestronun repertuarında 600-dən çox əsər olub. Müslüm Maqomayev SSRİ-nin xalq artisti olub.

Müslüm Maqomayev 2008-ci ilin oktyabrın 25-də, ömrünün 67-ci ilində vəfat edib. O, Bakıda Fəxri xiyabanda dəfn edilib.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi