Musiqili Teatrı İslamiada ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb

Musiqili Teatrı İslamiada ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb Əliqismət Lalayev: "Repertuarımıza ingilis dilinə tərcümə olunmuş bir sıra əsərləri daxil etmişik "
İncəsənət
18 Aprel , 2017 19:42
Musiqili Teatrı İslamiada ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı may ayında Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hazırlıqlarını başa çatdırıb. 

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə,  Dövlət Musiqili Teatrı İslamiada ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb. 

Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar danışarkən Musiqili Teatrın gələn ay xüsusi repertuar əsasında fəaliyyət göstərəcəyini söyləyib: “May ayında teatrımızda 26 tamaşanın nümayiş edilməsi nəzərdə tutulur. Mayın 5-dən 30-dək demək olar ki, hər gün 2 tamaşa tamaşaçılara – qonaqlara, turistlərə, yarış iştirakçılarına təqdim olunacaq. Nümayişini planlaşdırdığımız səhnə əsərlərinin siyahısına klassik, müasir və uşaq tamaşaları daxildir. Gələn ay ölkəmizə, xüsusilə də idman yarışlarının keçiriləcəyi paytaxtımıza dünyanın müxtəlif ölkələrindən çoxsaylı qonaqların – turistlərin, azarkeşlərin gəlməsi gözlənilir. Bunu nəzərə alaraq repertuarımıza ingilis dilinə tərcümə olunmuş bir sıra əsərləri daxil etmişik. Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Ər və arvad”, Ə. Haqverdiyevin “Kimdir müqəssir?”, O. Kazimi və R. Heydərin “Qızıl toy”, R. Hacıyevin “Talelər qovuşanda” və başqa əsərlər ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə əcnəbi qonaqlarımıza təqdim olunacaq."

Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə repertuarımızdakı əsərlərin tərcümə edilməsi tamaşalarımızın xarici dillərdə nümayişinə xüsusi şərait yaradır: "Biz artıq bu təcrübədən istifadə etmişik və kifayət qədər də uğurlu nəticələr əldə olunub. Bakı-2015 I Avropa Oyunları zamanı Azərbaycana gələn qonaqlar, azarkeşlər, Ümumdünya Gömrük Təşkilatının gömrük xidmətləri əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclasının və Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının təqribən 70-ə yaxın dövləti təmsil edən 400-ə yaxın mötəbər iştirakçısı ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə müxtəlif tamaşalarımızı izləyiblər. Hər dəfə qonaqlarımız çox böyük zövq aldıqlarını, razı qaldıqlarını bildiriblər. Xüsusi iş rejimində fəaliyyət göstərəcək teatrımızın IV İslam Həmrəyliyi Oyunları zamanı da eyni uğurları qazanacağına əminəm."

 Əliqismət Lalayev bildirib ki, gələn ay bir sıra tamaşalarımız rus dilində də nümayiş olunacaq: "Bütün bunlara əsaslanaraq tam məsuliyyəti ilə deyə bilərəm ki, Azərbaycan Dövlət Musiqili Teatrı IV İslam Həmrəyliyi Oyunlarına hazırdır. Qonaqlarımızın yolunu səbirsizliklə gözləyirik. İnanırıq ki, onlar Azərbaycandan xoş təəssüratlarla ayrılacaqlar”. 

Son xəbərlər

Orphus sistemi