Musiqili Teatrda Yeni il bayramı münasibətilə uşaqlar üçün tamaşalar nümayiş olunacaq

Musiqili Teatrda Yeni il bayramı münasibətilə uşaqlar üçün tamaşalar nümayiş olunacaq Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı Yeni il bayramı şənliklərinin hazırlıqlarına start verib.
İncəsənət
11 Dekabr , 2017 19:46
Musiqili Teatrda Yeni il bayramı münasibətilə uşaqlar üçün tamaşalar nümayiş olunacaq

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı Yeni il bayramı şənliklərinin hazırlıqlarına start verib.

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Teatrda “Yeni il” şənlikləri 29 dekabrda başlanacaq. 

Bu münasibətlə “Qoğalın Yeni il macərası” adlı tamaşa Azərbaycan və rus dillərində hazırlanır. Azərbaycan dilində hazırlanan tamaşanın quruluşçu-rejissoru Elməddin Dadaşovdur. 

Səhnə əsərində balaca tamaşaçılar əyri pəncə Ayı, şələquyruq Tülkü, müftə yem axtaran tənbəl Canavar, qoçaq Dovşan və başqa meşə sakinlərinin Qoğalla macəralarını izləyə biləcəklər. 29 dekabrdan etibarən hər gün dörd seansın keçirilməsi nəzərdə tutulur. Tamaşalar saat 10:30, 12:30, 14:30 və 16:30-da baş tutacaq.

Tamaşada rolları əməkdar artist Novruz Qartal, aktyorlar - Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Elnarə Nağdəliyeva, Elçin İmanov, Gülnarə Əzizova, Pərvin Dadaşova, Ruslan Mürsəlov, Eleanora Mehdiyeva, Fərid Rzayev, Əmrah Dadaşov, Atəş Qarayev, Güldanə Əzimova və Mehriban Rəcəbova ifa edirlər.

Qeyd edək ki, rus bölməsi tərəfindən hazırlanan “Qoğalın Yeni il macərası” nağıl-tamaşasının quruluşçu-rejissoru isə Əhəd Hacıyevdır. Səhnə əsərində rolları əməkdar artistlər - Boris Qrafkin, Svetlana Bulax, Anton Ferştandt, aktyorlar - Marina Litvinenko, Firuz Məmmədov, Nadejda Povelitsina, Emil Heydərov, Gülnarə Əzizova, Rauf Babayev, Telnaz Hüseynova, Yulia Heydərova, Pərviz Məmmədov və Eleanora Mehdiyeva ifa edirlər.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar. 

Son xəbərlər

Orphus sistemi