“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının açılışı olub

“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının açılışı olub Festival martın 18-dək davam edəcək
İncəsənət
12 Mart , 2015 12:17
“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının açılışı olub

Bakı. 12 mart. REPORT.AZ/ Martın 11-də Heydər Əliyev Mərkəzində “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının açılış mərasimi olub.

“Report” xəbər verir ki, Beynəlxalq Festivalın açılışında dövlət və hökumət rəsmiləri, mədəniyyət, incəsənət xadimləri iştirak edib.

Festivalın açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının iştirakçılarına müraciəti oxunub.

Qeyd edək ki, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı artıq dördüncü dəfədir Bakıda keçirilir.

“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının açılışında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellasının ifasında konsert təqdim edilib.

Festivalda Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, ABŞ, Fransa, İngiltərə, Livan, İspaniya, Almaniya, İordaniya, Rusiya, Çin, Hindistan, Tunis, Belçika, Sloveniya və Niderlanddan gəlmiş musiqiçilər və musiqi qrupları iştirak edəcək.

Festival günlərində qonaqlara Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları və  Bakı Caz Mərkəzində görkəmli caz ustası Vaqif Mustafazadənin 75 illiyinə həsr olunmuş tədbir təqdim ediləcək.

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının simpoziumu keçirilib. Simpoziumda Azərbaycan və əcnəbi ölkələrin musiqiçiləri, tanınmış xanəndələr, muğam ustaları iştirak edib.

Muğam aləmində nəzəri və praktiki əhəmiyyətə malik bu simpoziumda dünyanın 40-a yaxın ölkələrinin alimləri, musiqiçiləri məruzə ilə çıxış edəcək.

“Muğam aləmi” IV Beynəlxalq Muğam simpoziumu Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı və dəstəyi ilə həyata keçirilir.

Bu axşam Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Dövlət Filarmoniyasında və Bakı Caz Mərkəzində Festivalın konsert proqramı keçiriləcək.

Festival martın 18-də başa çatacaq. Beynəlxalq Festivalın bağlanışı Heydər Əliyev Sarayında baş tutacaq.

Son xəbərlər

Orphus sistemi