Mehriban Əfəndi: “Kinoda geyim üzrə rəssam kollektiv ortamda çalışmağı bacarmalıdır”

Mehriban Əfəndi: “Kinoda geyim üzrə rəssam kollektiv ortamda çalışmağı bacarmalıdır” Bakı. 21 noyabr. REPORT.AZ/ 2011-ci ildə Nyu-York Taymsın bestseller yazıçısı, Hollivudun bəzi filmlərinin ssenaristi Syuzan Kolins şəxsi bloqunda onun əsərlərini özünün həyat və yaradıcılığına təsir edən sənət adamları sırasına daxil edib. “Report” Almaniya Kino Akademiyasının xüsusi mükafatına layiq görülən, əsərləri beynəlxalq sürrealizm sərgilərdə nümayiş olunan rəssam Mehriban Əfəndi ilə müsahibəni təqdim edir.
İncəsənət
21 Noyabr , 2018 15:51
Mehriban Əfəndi: “Kinoda geyim üzrə rəssam kollektiv ortamda çalışmağı bacarmalıdır”

Bakı. 21 noyabr. REPORT.AZ/ 2011-ci ildə "Nyu-York Tayms"ın bestseller yazıçısı, Hollivudun bəzi filmlərinin ssenaristi Syuzan Kolins şəxsi bloqunda onun əsərlərini özünün həyat və yaradıcılığına təsir edən sənət adamları sırasına daxil edib. “Report” Almaniya Kino Akademiyasının xüsusi mükafatına layiq görülən, əsərləri beynəlxalq sürrealizm sərgilərdə nümayiş olunan rəssam Mehriban Əfəndi ilə müsahibəni təqdim edir.

- Bu müddət öncə Monteneqroda keçirilən art festivalından qayıtmısınız. Deyəsən, festivalda bir çox ölkələrin məşhur rəssamları iştirak edib...

- Məni festivalın prezidenti Miki Papovic özü şəxsən dəvət etmişdi. Festivala bir neçə ay hazırlaşdım. Layihə çoxdan fəaliyyət göstərsə də, bu il çox möhtəşəm və geniş təşkil olunmuşdu. Festival Montenegro Mədəniyyət və Turizm nazirliklərinin, ölkədə fəaliyyət göstərən qurum və fondlarının yardımı ilə keçirilir. Festivalda 20-dən çox ölkənin rəssamı iştirak edirdi. Şri-Lanka, İtaliya, Fransa, İspaniya, Türkiyə və bir çox ölkədən olan rəssamlar qatılmışdı. İştirakçıları Miki Papoviç özü seçib. Festivala qoşulan hər rəssama xüsusi diqqətlə yanaşırdı. Həmçinin festivalda rəssamın təmsil etdiyi ölkənin səfirliyi, konsulluğu da iştirak edirdi. Miki Papovic bu dövrdə verdiyi müsahibələrin hər birində Azərbaycanın adını xüsusi olaraq qeyd edib. Bu, çox sevindirici hal idi. Layihədə iştirakıma görə Azərbaycanın Montenegrodakı fəxri konsulu Vüqar Əliyevə, Azərbaycanda fəaliyyət göstərən və beynəlxalq layihələr həyata keçirən “United Cultures” təşkilatının rəhbəri Paolo Kasaqrandeyə təşəkkür edirəm. Həmçinin Monte-Karloda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət evinin rəhbəri Seyran Mirzəzadənin və Azərbaycan səfirliyinin nümayəndəsi Anar Acanovun böyük dəstəyi oldu. Bizim layihənin sərgisi tarixi binada - Kral sarayında təşkil olunmuşdu. Hər bir rəssam öz əsəri ilə xalqını təmsil edirdi. Düşünürəm, 10 gün davam edən festivalda müasir Azərbaycan rəssamlıq sənətini uğurla təmsil etdim. Bizi azad rəssam ruhu, sənət ruhu birləşdirirdi. Hamımız eyni dildə - sənət dilində danışırdıq. İtaliya səfirliyinin təşkil etdiyi klassik musiqi konsertləri, BBC-nin məşhur aktyoru Qarinin çıxışları bizdə çox gözəl təəssürat yaşatdı.

- Azərbaycanda bu cür beynəlxalq art festivalların keçirilməsi istiqamətində hansısa təkliflərlə çıxış etmisinizmi?

- Yaxşı olardı ki, ölkəmizdə də art festivallar təşkil olunsun. Azərbaycanın mənəvi cəhətdən belə tədbirləri keçirməyə haqqı var. Bizim neçə yüz illik mədəni irsimiz, tariximiz var. Bu həm turizmin inkişafına, həm də Azərbaycanın dünyada mədəni, qədim, zəngin tarixə malik olan bir dövlət kimi tanıdılmasına xidmət edəcək. İştirak etdiyim beynəlxalq festivallarda iştirakçıların ölkəmiz haqqında məlumatlı olduğunun şahidi oluram. Onlar Qəbələdə keçirilən musiqi festivalından, Avroviziya mahnı müsabiqələrindən ölkəmizi tanıdıqlarını qeyd edirlər. Bölgələrdə olan inkişafı incəsənət vasitəsilə turistlərə təqdim etmək gözəl olardı. Montenegroda kino demək olar ki, inkişaf etməyib, amma Azərbaycanın 120 illik kino tarixi var. Zəngin musiqi irsini, muğamı dünyaya yalnız beynəlxalq layihələr vasitəsilə təqdim edə bilərik. Festivallar həm də həmin ölkənin tanıdılması deməkdir. İştirakımızı dəstəkləyən dövlət qurumlarının ölkəmizdə bu cür festivalların təşkilinə yardım etməsini arzulayıram.

- Mehriban xanım, animasiyada da fəaliyyət göstərmisiniz. Lakin bir müddət sonra uzaqlaşdınız.

- İlk olaraq onu deyim ki, mən rəssam kimi doğulmuşam. Bu mənim üçün hər şeydən önəmlidir. Kiçik yaşlarından artıq bilirdim ki, rəssam olmasam, başqa heç bir sahədə fəaliyyət göstərməyəcəm. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dördillik təhsilim başa çatmamış, üçüncü kursda "Soyuzmultfilm"in ikiillik kurslarında oxumaq üçün seçilən on nəfərdən biri oldum. Müəllimimiz Arsentyev deyirdi ki, sənin öz yolun, özünün "prorisovkan" var. Həmin on nəfər indi dünyanın bir çox ölkələrinin studiyalarında peşəkar animasiyaçı kimi çalışır. Mənim üçün də belə bir imkan yaranmışdı - elə "Soyuzmultfilmin" kurslarında oxuduğum illərdə "Disney" studiyasından təklif aldım, amma Azərbaycanda fəaliyyət göstərməyə qərar verdim. Bir müddət kinostudiyada lentə alınan cizgi filmlərində işlədim. Həmin vaxt yaradılan bütün animasiyaların cizgilərini mən çəkirdim. Bu çox əziyyətli bir işdir. Təsəvvür edin ki, filmdə olan personajları bir-bir əllə yaratmalısan. Sonradan animasiyadan ayrıldım, çünki daha sənət kimi mənə maraqlı gəlmirdi. Digər layihələrdə çalışmaq istəyirdim. Kinodan gələn təklif sayəsində animasiyadan uzaqlaşdım. Nə zamansa yenidən bu sahəyə dönəcəyimi deyə bilmərəm. Hələ ki, filmlərdə, festivallarda, layihələrdə çalışıram. 2011-ci ildə "Nyu-York Tayms"ın bestseller yazıçısı, Hollivudun bəzi filmlərinin ssenaristi Syuzan Kolins öz şəxsi bloqunda əsərlərim haqqında məqalə yazıb. O, məni özünün həyat və yaradıcılığına təsir edən sənət adamlarının siyahısına salıb. Amerikadan sərgi, iş təklifləri almışam.

- Quruluşçu rəssam və geyim üzrə rəssam kimi fəaliyyət göstərirsiniz. Hansı sahədə işləmək sizin üçün daha rahatdır?

- Kinoda ilk dəfə geyim rəssamı kimi çalışmışam. Kinorejissor Rasim Ocaqov 50 il bir insanla davamlı çalışan biri idi. Məni gənc yaşlarımda öz komandasında görmək istəyi və dəvət etməsi artıq bir uğur idi. “Otel otağı” filmində birgə çalışdıq. Daha sonra bir necə filmlə bağlı fikirlərimiz vardı, amma qismət olmadı. Onunla birgə iş mənim üçün kino fəaliyyətində məktəb oldu. Daha sonra əsərlərimi internetdə görən almaniyalı rejissor Fayt Helmer məni quruluşçu rəssam kimi “Absurdistan” filminə dəvət etdi. Ssenarini oxuyanda filmdə geyim üzrə rəssam işi diqqətimi cəlb etdi. Absurd bir dünyadan bəhs edən filmdə aktyorların geyimi çox fərqli, maraqlı gəldi. Film Fransada, Makedoniyada təşkil olunan festivallarda geyim nominasiyası üzrə 3 dəfə əsas mükafat əldə edib. 2008-ci ildə Almaniya Kino Akademiyası məni “Ən gözəl geyim rəssamı”kimi mükafatlandırıb. Filmin rejissoru Fayt Helmer isə dünya üzrə 150-dən çox beynəlxalq mükafata layiq görülüb. Bu yaxınlarda növbəti filmdə də əməkdaşlıq etdik.

Komediya janrında olan filmdə Fransadan, Serbiyadan bir çox aktyor çəkilib, Avropada təqdimatı isə yaxın zamanda baş tutacaq. Almaniyalı rejissor mənə quruluşçu rəssam kimi işləməyi təklif edəndən sonra artıq ürəkləndim. Bundan sonra seriallarda, kliplərdə, reklam çarxlarında quruluşçu rəssam kimi işləməyə başladım. Art haus filmlərində çalışmaq mənə xüsusilə zövq verir, çünki burada istədiyin fantaziyanı reallaşdıra bilirsən. Tarixi filmləri o qədər də sevmirəm. Bu filmlərdə geyim, demək olar, eyni səpkidə olur. Hər hansı layihədə yenilik varsa, orada çalışmaq yaradıcı insanı ruhlandırır. Azərbaycan kinosu həmişə inkişaf edəcək. Geniş yayımlanan kommersiya filmləri artıq kinomuz üçün böyük uğurdur.

- Mehriban Əfəndi hansı halda filmdə çalışmaqdan imtina edir?

- Mənim üçün ssenari ən vacib amildir. Birinci ssenarini oxuyuram. Bəyənmədiyim ssenaridə çalışmaqdansa, öz əsərlərimin üzərində işləməyi üstün tuturam. Milliliyin təbliği yönümündə bir layihə var idi. Eskizlərim qəbul olundu. Mənim qonorarım müqavilədə qeyd olunduğu kimi ödənilirdi. Rejissorlar da çox istedadlı insanlar idi. Amma söhbət zamanı filmə az maliyyə ayrıldığını, həmin büdcə ilə filmin mənim istədiyim səviyyədə olmayacağını anladım. Məhz bu səbəbə görə filmdən imtina etdim. Maddi olaraq mən qazanacaqdım, amma mənəvi olaraq qazanacağımdan əmin deyildim. Bəzən isə elə rejissor olur ki, onunla işləmək mənə maraqlı gəlmir. Belə hallar da olur. Amma daha çox ssenariyə görə imtina etmişəm. Üzərimə götürdüyüm film haqqında çox düşünürəm.

- İncəsənətin bir çox sahəsində qeyri-peşəkar insanlar kifayət qədərdir. Amma geyim üzrə və ya quruluşçu rəssamlar yetərincə azdır. Qeyri-peşəkarlar incəsənətin bu sahəsinin olduğunu nədən unudurlar?

- Bu sahə çox çətindir və rəssamlıq sənətindən fərqlənir. Rəssam fərdi fəaliyyət göstərir. Öz əsəri ilə məşğul olur, sərgilərdə iştirak edir. Kino böyük kollektiv işidir. Geyim üzrə rəssam və ya quruluşçu rəssam kollektiv ortamda çalışmağı bacarmalıdır. Rəssamın yükü kinoda daha ağırdır. Kino peşəkarların bir-biri ilə bağlı olduğu böyük bir istehsalatdır. Məsələn, mənim işim uğurlu alınıbsa, rejissorun, aktyorun, operatorun işi uğursuz olarsa, bu mənə təsir edər. Burada həm təşkilatçı olmalısan, aktyorların istəyini, rejissorun, ssenarinin tələblərinə uyğun və ən əsasda öz ideyalarını tətbiq etməlisən. Burada hər bir xırda detalı düşünmək çox vacibdir. Geyim rəssamı təkcə moda ilə bağlı sənət deyil. Burada işlədiyin aktyorun günlük psixoloji və ümumi xarakterini bilməlisən, onunla ehtiyatla davranıb, yaradıcı ruhuna xələl gətirməməlisən. Geyim üzrə rəssam həmişə aktyora dəstək olmalıdır. “Absurdistan” filminin çəkilişləri bitəndə rejissor böyük və peşəkar kollektivin qarşısında yalnız mənə təşəkkür etdi.

- Kinoda yetərincə uğurlu fəaliyyətiniz var. Teatrda necə, fəaliyyət göstərmisinizmi?

- Kino teatrdan çox fərqlənir. Kino daha çox real həyata əsaslanır. Teatrın öz qanunauyğunluqları var. Moskvada azərbaycanlı məşhur bir rejissor komediya janrında olan tamaşasında birgə işləməyi təklif etdi. Eskizlərimi, təkliflərimi bəyəndi və qəbul etdi. Amma mən özüm ona etiraf etdim ki, teatrın texniki tərəfini bilmirəm. Maraq yaranmışdı, amma kinoda edə biləcəyimi teatrda edə bilməyəcəyimi anladım. Uzun illər klip, reklam çaxrlarında çalışmışam. Hansı iş olursa olsun, orada yaradıcı yenilik varsa, o işdə, layihədə olmaq hər zaman mənim özüm üçün maraqlıdır.

- Qarşıda iştirak edəcəyiniz beynəlxalq festival varmı? Hazırda hansı film üzərində işləyirsiniz?

- Tezliklə 2010-cu ildən bu günə qədər hər il Portuqaliyada Bissaya Bareta Fondunun təşkilatçılığı ilə baş tutan "Sürrealizm bu gün" adlı sərgi keçiriləcək. Sərgidə dünyanın 56 ən yaxşı sürrealist rəssamı cəlb olunub ki, onlardan biri də mənəm. Fond iki illik tədqiqatlar nəticəsində 56 rəssamı seçib. Sərgidə iştirak edən rəssamların əsərləri Nyu-York küçələrində led ekran vasitəsilə reklam, anons edilir. Bu sərgidə dünya incəsənət xadimlərinin marağında və diqqətindədir. Qismət olarsa, Portuqaliyada sərgidə iştirak edəcəyəm.

Filmə gəldikdə isə, bu yaxınlarda Qarabağla bağlı “Son nəfəsədək” filmində rejissor Elnur Əliyevlə birgə işlədik. Film Qarabağ müharibəsindən bəhs edir. Çəkilişlər Füzuli rayonunda həyata keçirildi. Bu filmdə həm geyim üzrə, həm də quruluşçu rəssam kimi çalışdım.Hazırda isə Cəfər Axundzadə ilə birgə “Qış nağılı” filmini çəkirik. Azərbaycanda ilk qışla bağlı çox maraqlı filmdir. Əminəm ki, Azərbaycan tamaşaçısı bu filmi çox bəyənəcək. Filmdə Halil Sezai kimi məşhur türk aktyoru yer alıb. Film beynəlxalq layihə əsasında çəkilir. Düşünürəm, ölkəmizdə bu cür layihələr nə qədər çox olarsa, bu xalqımızın uğuru olacaq.

Nigar Adil

Son xəbərlər

Orphus sistemi