Masallıda heykəltəraşlar Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirib

Masallıda heykəltəraşlar Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirib Masallıdan olan heykəltəraş qardaşlar 44 günlük Vətən Müharibəsi qəhrəmanlarını əbədiləşdirir
İncəsənət
12 Mart , 2021 23:05
Masallıda heykəltəraşlar Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirib

Masallıdan olan heykəltəraş qardaşlar 44 günlük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirir.

“Report”un Cənub Mərkəzinin əməkdaşları gənc heykəltəraşlarla Qasımlı kəndindəki emalatxanalarında görüşüblər.

Akşin və Müstəqil Balayev qardaşlarının hər biri ali təhsilli heykəltəraşlardır. Söhbətimiz zamanı məlum olub ki, onların bu sənətə maraqları atalarının sayəsində yaranıb. İlqar Balayev heykəltəraşlıq ixtisası üzrə təhsil almasa da, oğlanları kimi bir çoxuna müəllimlik edib, bu sənətin əsaslarını öyrədib.

Qardaşlar Vətən Müharibəsi qəhrəmanlarının hər birinin döyüş yolunu öyrəndikcə duyğulandıqlarını və şəhidlərimizin xatirəsini əbədiləşdirmək qərarına gəldiklərini deyirlər. Onlar ilk işlərinə Tovuz istiqamətində döyüşlərdə mərdliklə vuruşaraq şəhid olan qəhrəmanlarımızı əbədiləşdirməklə başlayıblar. Şəhid mayor Anar Novruzovun büstü böyük maraqla qarşılanıb. Ardınca Vətən Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın büstünü hazırlayıb, təhvil veriblər.

“İlk işimiz şəhid mayor Anar Novruzovun abidəsi oldu. Sonra qardaşımla birlikdə Tovuz şəhidlərinin barelyefini hazırladıq. Barelyefi artıq təhvil vermişik”, - Müstəqil Balayev bildirib.

Akşin Balayev isə bildirib ki, Vətən Müharibəsinin ilk şəhidlərindən olan Mehman Şirvanovun da büstünü hazırlayıblar: “Onun büstünün yaradılmasını çoxdan istəyirdim. Bir ay ərzində hazırladım. İstərdim ki, büst harasa qoyulsun, əbədiləşsin”.

Heykəltəraş qardaşların hazırladıqları “Qələbə” barelyefi də artıq tam hazırdır. Aypara fonunda yüksəklikdə təsvir olunan Azərbaycan xəritəsində ölkəmizin simvolları, 44 günlük Vətən Müharibəsindəki zəfərimiz və bu sevinci bizə yaşadanların surətləri həkk edilib. Onların istəyi əl işlərindən bir neçə nümunəsinin yeni yaradılacaq ”Zəfər Muzeyi”ndə sərgilənməsidir.

Son xəbərlər

Orphus sistemi