Kukla Teatrı repertuarına “Əlibaba və qırx quldur” tamaşasını daxil edib

Kukla Teatrı repertuarına “Əlibaba və qırx quldur” tamaşasını daxil edib Bakı. 5 iyul. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı repertuarına “Əlibaba və qırx quldur” tamaşasını daxil edib.
İncəsənət
5 iyul 2018 08:44
Kukla Teatrı repertuarına “Əlibaba və qırx quldur” tamaşasını daxil edib
0 : 00
0 : 00

Bakı. 5 iyul. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı repertuarına “Əlibaba və qırx quldur” tamaşasını daxil edib.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ibrətamiz hadisələrlə zəngin tamaşanın səhnələşdirmə və quruluşu teatrın istedadlı rejissoru Anar Məmmədova məxsusdur. Var-dövlətə, şan-şöhrətə hərislik kimi mənfi xüsusiyyətlərin tənqid hədəfinə çevrildiyi tamaşada balaca izləyicilərə dürüstlük və mənəvi zənginliyin daha vacib olduğu təlqin olunur. Istər insanların var-dövlətinə qənim kəsilən quldurbaşı və dəstəsinin, istərsə də Əlibabanın tamahkar qardaşının başına gələn acınacaqlı hadisələr fonunda yalnız zəhmət və onun halal bəhrəsi ilə xoşbəxt olmağın mümkünlüyü göstərilir.

Zəngin səhnə tərtibatlı və Şərq elementli tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir.

Səhnə əsərinin musiqi tərtibatı dahi Fikrət Əmirovun dünya şöhrətli “Min bir gecə” baleti əsasında qurulub. Baletin müxtəlif musiqi taktlarının harmonik istifadə olunduğu tərtibatda uşaqlara tamaşa vasitəsilə klassik sinfonik musiqimiz də təbliğ olunur.

İyulun 13-də (saat 12:00; 14:00) iki seans olmaqla tamaşaçı qarşısına çıxacaq tamaşada rolları Rəhim Rəhimov, Cavid İbrahimov, Samirə Nəcəfova, Araz Həsənli, Elnur Xəlilov, Aygül Ağayeva, Elmira Hüseynova və Adil Dəmirov ifa edirlər.

Qeyd edək ki, birhissəli uşaqlar üçün kukla tamaşası teatrın bu mövsümə son premyerasıdır.

Son xəbərlər

Orphus sistemi