Kanadada “Novruz” adlı festival keçirilib

Kanadada “Novruz” adlı festival keçirilib Məqsəd Türkdilli xalqların adət-ənənələrinin tanıdılmasıdır
İncəsənət
17 May , 2016 11:34
Kanadada “Novruz” adlı festival keçirilib

Bakı. 17 may. REPORT.AZ/ Kanadanın Monreal şəhərində “Tomyris” Kanada-Mərkəzi Asiya Beynəlxalq Dostluq Mərkəzinin təşkilatçılığı ilə Türkdilli xalqların adət-ənənələrinin tanıdılması məqsədilə “Novruz” adlı festival keçirilib.

Azərbaycanın Kanadadakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycan və Qazaxıstan səfirliklərinin təmsilçiləri, Kanada irs nazirinin müavini və nazirliyin əməkdaşları, Ottava və Monreal şəhərlərindəki Azərbaycan icmalarının üzvləri, Kanadada yaşayan türkdilli xalqların təmsilçiləri və yerli qonaqlar iştirak ediblər.

Tədbir çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan xalqlarının özünə məxsus adətləri barədə məlumat verilib və ölkələr haqqında tanıtım xarakterli video çarxlar və rəqslər nümayiş etdirilib.

Azərbaycanın Kanadadakı səfirliyinin konsulu Faiq Babayev festivalı açıq elan edib. O, tədbiri Kanada multikulturalizminin təzahürü kimi xarakterizə edərək, Novruzun əsas fəlsəfəsinin xalqlar və mədəniyyətlər arasında körpü və dialoq yaratmaq olduğunu söyləyib. F.Babayev vurğulayıb ki, Novruzun Azərbaycan və digər ölkələrdə sevilməsinin əsas səbəblərindən biri bu bayramın təkcə təbiətin canlanması ilə deyil, xalqlar arasında birlik, bərabərlik və ədalətin təcəssümü ilə bağlıdır.

Sonra Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin və Toronto şəhərində fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin şagirdləri proqramları ilə çıxış ediblər. Onlar Azərbaycan xalq mahnılarını səsləndirib və rəqslər nümayiş etdiriblər.

Son xəbərlər

Orphus sistemi