Mədəniyyət və incəsənət xadimləri Qara Qarayevin məzarını ziyarət ediblər

Mədəniyyət və incəsənət xadimləri Qara Qarayevin məzarını ziyarət ediblər Bu gün Azərbaycanın dahi bəstəkarı və pedaqoqu, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin anım günüdür.
İncəsənət
396
13 May , 2022 12:23
Mədəniyyət və incəsənət xadimləri Qara Qarayevin məzarını ziyarət ediblər

Bu gün Azərbaycanın dahi bəstəkarı və pedaqoqu, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin anım günüdür.

"Report" xəbər verir ki, akademikin vəfatından 40 il ötür.

Görkəmli bəstəkarın xatirəsini yad etmək məqsədi ilə tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri bu gün Fəxri xiyabana gələrək onun xatirəsini yad edib, məzarı üzərinə güllər qoyublar.

Xatırladaq ki, Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində anadan olub. Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş bəstəkar milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub.

Dünya şöhrətli bəstəkarın əsərləri əksər MDB ölkələrində, ABŞ-da, Polşada, Misirdə, İspaniyada, İtaliyada, Fransada, Yaponiyada, Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə oynanılıb.

Onun Nizaminin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsının romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla göstərilib. Bəstəkarın Birinci Simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında mühüm yer tutur. “Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun” (Nizaminin poeması əsasında), “Vyetnam süitası” əsərləri Q.Qarayev yaradıcılığının dəyərli səhifələridir. O, çoxsaylı filmlərə, o cümlədən “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında povest”, “Uzaq sahillərdə” və digər filmlərə musiqi bəstələyib.

Q.Qarayev opera janrında da özünü sınayıb. O, “Vətən” operasının (Cövdət Hacıyev ilə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının müəllifidir. Bəstəkar, həmçinin Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına müraciət edərək fransız dramaturqu E.Rostanın “Sirano de Brejerak” komediyası əsasında “Çılğın qaskoniyalı” müziklini yaradıb.

Q.Qarayev 1982-ci il mayın 13-də dünyasını dəyişib, Bakıda Fəxri xiyabanda dəfn olunub

Son xəbərlər

Orphus sistemi