Bakı. 12 aprel. REPORT.AZ/ Mayın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Madam Batterflyay” operasının tamaşası keçiriləcək.
Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşada əsas partiyanı - Çio-Çio-San rolunu tanınmış italyan opera müğənnisi Silvana Fraş ifa edəcək.
O, vətəni İtaliyada çıxış etməklə yanaşı, həm də Almaniya, Belçika, Norveç, İngiltərə, İspaniya, ABŞ kimi ölkələrdə uğurla keçən qastrol səfərlərində olub. Şarples rolunda isə Ukrayna Milli Operasının solisti, Ukraynanın əməkdar artisti Dmitri Qrişin çıxış edəcək.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri - əməkdar artistlər Fərid Əliyev (Pinkerton), Səbinə Vahabzadə (Süzuki), Əliəhməd İbrahimov (Qoro), solistlər Tural Ağasıyev (Yamadori) və Səbinə Əhmədova (Ket) iştirak edəcəklər.
Tamaşanı tanınmış italyan dirijoru, Makedoniya Dövlət Opera və Balet Teatrının dirijoru, professor Yakopo Sipari di Peskasseroli idarə edəcək.
Qeyd edək ki, Yakopo Sipari həmçinin Qətər Filarmonik Orkestrinin, İstanbul Milli Simfonik Orkestrinin, Belqrad Milli Teatrı Orkestrinin və Meksika Simfonik Orkestrinin dəvət olunmuş dirijorudur.