İranın tanınmış dirijoru Musiqili Teatrda tamaşa idarə edəcək

İranın tanınmış dirijoru Musiqili Teatrda tamaşa idarə edəcək Bərdia Kiyarəs: "Üzeyir Hacıbəylinin dünya şöhrətli əsərlərinə dirijorluq etmək həmişə mənim ən böyük arzum olub"
İncəsənət
20 Sentyabr , 2017 20:31
İranın tanınmış dirijoru Musiqili Teatrda tamaşa idarə edəcək

Bakı. 20 sentyabr. REPORT.AZ/ İranın tanınmış dirijoru Bərdia Kiyarəs Musiqili Teatrda tamaşa idarə edəcək.

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Teatr festival çərçivəsində sentyabrın 23-də Üzeyir Hacıbəylinin “Arşın mal alan”, sentyabrın 24-də isə “O olmasın, bu olsun” tamaşalarını təqdim edəcək. 

Artıq bir müddətdir Bakıda olan tanınmış dirijorun Musiqili Teatrda orkestr və aktyorlarla kollektiv və fərdi məşqləri davam edir: “Musiqili Teatrın çox gözəl kollektivi var. Burada əsl yaradıcı mühitin şahidi oldum. Qızğın məşq prosesindəyik. Böyük Üzeyir Hacıbəylinin dünya şöhrətli əsərlərinə dirijorluq etmək həmişə mənim ən böyük arzum olub. İstəyirəm ki, hər şey yüksək səviyyədə olsun. İnanıram ki, çıxışımız tamaşaçıların ürəyincə olacaq. Boş vaxtlarımda Bakı ilə tanış oluram. Mən dünyanın müxtəlif ölkələrində olmuşam. Tam səmimi deyirəm ki, Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir”

Qeyd edək ki, B.Kiyarəs 1979-cu ildə anadan olub, 4 yaşında ikən atası ona sənturda ifa etməyi öyrədib. 12 yaşından Mehrdad Əli Ağa, İbrahim Lütfi, Behruz Vahidi Azər, Davud Fəlahəti, Maziar Zahirodini və Sefil Dehbasti kimi ustadlardan skripka dərsi almağa başlayıb. 1995-ci ildə Şiraz şəhərindəki Tehran Gənclər Orkestri ilə Vivaldinin "Dörd mövsüm" skripka konsertini ifa edib. 1997-ci ildən IRIB orkestrində birinci skripka kimi çıxış edib, simli və simfonik orkestr üçün pyeslər bəstələyib, kino və televiziya serialları üçün musiqilər yazıb. Daha sonralar Tehranın müxtəlif musiqi kollektivlərində birinci skripkaçı və konsertmeyster kimi çıxış edib. Almaniyanın Köln şəhərində professor Koçutanın rəhbərliyi altında çalışıb. 2006-cı ildən İran Film Bəstəkarları Assosiasiyasının üzvüdür. 2004 və 2006-cı illərdə Almaniyanın Osnabrüek Festivalında çıxış edib. 2005-2007-ci illərdə Nouban Simli Orkestrində birinci skripkaçı olub. Pars Musiqi İnstitutunda, Tətbiqi Elm və Texnologiyalar Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Dünya şöhrətli Daniel Barenboymun rəhbərlik etdiyi orkestrdə birinci skripkaçı kimi çıxış edib. İki təqaüdə layiq görülən Bərdia Kiyarəs Aksel, Vilezok kimi professorlardan ustad dərsləri alıb. Habelə 2010-cu ildə Berlin Operasında Jülyen Salemkurun ustad dərslərinin iştirakçısı olub.

Almaniya, Avstriya, Danimarka, İsveç, İsveçrə, İspaniya, İtaliya, Fransa, Böyük Britaniya və Belçikada konsertlərlə çıxış edib. 2008-ci ildən bəri dünyanın aparıcı dirijorları ilə əməkdaşlıq edir. 2008-ci ildən Pars Musiqi İnstitutunun Orkestrində, 2009-cu ildən İranın Kamera Orkestrində dirijorluq edib. İran Milli Orkestrinin dirijoru və bədii rəhbəri kimi 2010-2012-ci illərdə konsertlərdə çıxış edib. “Budən və Nəbudən” (To Be and Not To Be) adlı seçilmiş əsərlərindən ibarət albomu nəşr olunub. 

Son xəbərlər

Orphus sistemi