İki teatrda yeni tamaşaların premyerası olacaq

İki teatrda yeni tamaşaların premyerası olacaq Yeni tamaşalar mayın 16-da təqdim olunacaq
İncəsənət
14 May , 2015 10:17
İki teatrda yeni tamaşaların premyerası olacaq

Bakı. 14 may. REPORT.AZ/ Həftə sonu Azərbaycanın teatr mühitində iki yeni tamaşanın premyerası gözlənilir.

"Report" xəbər verir ki, Səməd Vurğun adına Rus Dram Teatrı və Azərbaycan Dövlət Musiqili Teatrı yeni səhnə əsərləri ilə tamaşaçıların görüşünə gələcək.

Rus Dram Teatrında "Məhəbbət üçbucağı" fransız komediyasının premyerası olacaq. Tamaşanı yaşı 18-dən yuxarı olan tamaşaçılar seyr edə bilərlər.

"Məhəbbət üçbucağı" komediyasının rejissoru xalq artisti Aleksandr Şarovskidir. Tamaşada xalq artisti Səfa Mirhəsənov, əməkdar artistlər Nataliya Şarovskaya, Əsgər Rəhimov, aktyorlar Maqsud Məmmədov və Rüstəm Kərimov çıxış edir.

Mayın 16-da Musiqili Teatrda balaca tamaşaçıları sevindirəcək.

Teatrın yeni tamaşası "Dəcəl çəpişlər"in ilk nümayişi olacaq. Tamaşa şair Mikayıl Müşfiqin məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanıb.

Yeni səhnə əsərinin musiqisi xalq artisti Oktay Zülfüqarova, librettosu Ramiz Heydərə məxsusdur.

Tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, rejissor-assistenti Elməddin Dadaşov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlərdir.

"Dəcəl çəpişlər" tamaşasında rolları aktyorlar Şaban Cəfərov, Güldanə Əzimova, Elçin İmanov, Gülçöhrə və Gülnarə Abdullayevalar, Ağaxan Şərifov, Mehriban Zalıyeva, Əlif Cahangirov, Gülnarə Əzizova, Nərmin Əliyeva , Fərid Rzayev, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Elxan İsmayılov ifa edir.

Qeyd edək ki, Musiqili Teatr tamaşanı 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edib.

Son xəbərlər

Orphus sistemi