Hacıbaba Bağırovun papaqları, Xanım Qafarovanın geyimləri... - REPORTAJ

Hacıbaba Bağırovun papaqları, Xanım Qafarovanın geyimləri... - REPORTAJ Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanda musiqili komediya janrının əsası 1909-cu ildə Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşası ilə qoyulub. Məhz bu tamaşa Bakıda, Nikitin qardaşlarının sirk binasında göstəriləndən sonra Azərbaycanda Musiqili Komediya Teatrı yaradılıb.
İncəsənət
19 Aprel , 2018 11:01
Hacıbaba Bağırovun papaqları, Xanım Qafarovanın geyimləri... - REPORTAJ
Report/ Firi Salim

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanda musiqili komediya janrının əsası 1909-cu ildə Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşası ilə qoyulub. Məhz bu tamaşa Bakıda, Nikitin qardaşlarının sirk binasında göstəriləndən sonra Azərbaycanda Musiqili Komediya Teatrı yaradılıb. 

"Report"un əməkdaşları Musiqili Teatrda olub, qədim binadan reportaj hazırlayıb.

İki dəfə yanmış bina

Teatr Bakının ən qədim tikililərindən olan binada yerləşir. Həmin məkan 1883-cü ildə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa etdirilib. Teatrın binası 1909 və 1919-cu illərdə iki dəfə yanıb. 1921-1922-ci illərdə bərpa edilən məkanda 1980-ci illərdə 4 illik təmir və yenidənqurma işləri aparılıb. Bina 2011-2013-cü illərdə əsaslı bərpa olunub və yeni avadanlıqlarla təhciz edilib.

Altı mərtəbədən ibarət binanın labirintə bənzər dəhlizlərində yön tapmaqda bizə direktor müavini Vəfa Mühacirova yardım göstərdi. O, foyeni göstərdikdən sonra beşinci mərtəbəyə qalxdıq. Burada geyim sexi, kitabxana, qrim sexi, anbar, bufet, kitabxana və s. kimi bölmələr yerləşir.

Muzeyə göndəriləcək geyimlər

Geyim sexində teatrda oynanılmış bütün tamaşaların geyimləri saxlanılır. Sexin rəisi Aynişan Məmmədovanın dediyinə görə, burada hətta plana daxil edilən, lakin oynanılmayan tamaşalar üçün hazırlanan geyimlər də qorunur: “Sexdə 2 mindən artıq geyim mövcuddur. Ən köhnə geyimlər arasında Hacıbaba Bağırovun papaqları, Xanım Qafarovanın geyimləri də var. Xanım Qafarovanın ən sevimli geyimi olan mavi donunu da qoruyub-saxlayırıq. Otağın temperaturu havalandırma sistemi ilə tənzimlənir. Bəzi geyimləri saxlayırıq ki, bəlkə gələcəkdə muzeyə verdik”. Bələdçi daha sonra modelyerin otağı və tikiş sexi barədə məlumat verdi. Tikiş sexində 6 nəfər işçi çalışır.

Qrim sexi

Qrim sexinə daxil olarkən əməkdaşları iş başında gördük. Bələdçimizin sözlərinə görə, hazırda gələcək tamaşalar üçün bığ hörülür. Bığ və saçlar taxta üzərinə keçirilən parçaya hörüldükdən sonra ona forma verilir. Qrim sexində obrazların xarici görünüşünü təmin edən hər bir əşya var. Burada suni, təbii saçlardan ibarət olan pariklər, bığ, saqqal, hörük kimi nümunələrə rast gəlmək mümkündür. Bütün bunlar sexin özündə hazırlanır.

Bir anbar tarix

Teatrın böyük və kiçik anbarları var. Kiçik anbarda daha çox istifadə olunan əşyalar saxlanılır. Burada aktyorların köhnə portretlərindən tutmuş gitaraya qədər fərqli əşyaları görmək mümkündür. Anbarın yaxınlığında teatrın kitabxanası yerləşir. Kitabxanada Azərbaycan və rus tamaşalarında tamaşaların notları, pyesləri, klavirləri saxlanılır. Bununla yanaşı, orada teatrda oynanılan tamaşaların kasetləri və diskləri də var. İllər əvvəl az qala hər evdə tapılan, indi isə artıq yerini yeni texnologiyaya vermiş musiqi kasetləri insana nostalgiya hissləri yaşadır. Bələdçi qeyd etdi ki, yeni tamaşalar artıq disklərə yazılaraq saxlanılır.

Hər detalı göz oxşayan tamaşa zalı

Daha sonra yollanırıq teatrın ən önəmli hissəsi olan tamaşa zalına doğru. Zalın səhnə arxasında isə bir-birindən maraqlı dekorlar saxlanılır. Teatrın zalı isə Azərbaycan Dövlət Opera və Balet Teatrını xatırlatdı. Görünüşü ilə göz oxşayan zalın incə detalları baxdıqca insanı sanki içərisinə çəkir. Zal 460 nəfər tamaşaçı üçün nəzərdə tutulub. 

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi