Bakı. 31 may. REPORT.AZ/ Gəncə Dövlət Kukla Teatrında Canni Rodarinin “Cipollino” tamaşasına ictimai baxış olub.
Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Gəncə teatrı 30-cu teatr mövsümündə Canni Rodarinin “Cipollino” tamaşasını balaca tamaşaçılara təqdim edib.
Tamaşa 6-12 yaş uşaqlar üçün nəzərdə tutulub və parket stilli kuklalarla oynanılır. 40 dəqiqəlik tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, əməkdar artist Fərmail Paşayev, quruluşçu rəssamı Sara Məmmədovadır.
Əsas rolları əməkdar artistlər Xudayət Əsgərov, Nağəddin Məmmədov, aktyorlardan Səməd Xanəhmədov, Elmar Vəliyev, Nahidə Namazova, Yeganə Məmmədova və Nərmin Şərifova oynayır.