Gənc Tamaşaçılar Teatrının kollektivi Kalmıkiyadan qastrol səfərindən qayıdıb

Gənc Tamaşaçılar Teatrının kollektivi Kalmıkiyadan qastrol səfərindən qayıdıb Teatrın direktoru Mübariz Həmidov və baş rejissoru Bəhram Osmanov diplom və mükafatlarla təltif ediliblər
İncəsənət
31 Oktyabr , 2015 17:51
Gənc Tamaşaçılar Teatrının kollektivi Kalmıkiyadan qastrol səfərindən qayıdıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasının Kalmıkiya Respublikasında qastrol səfərində olub.

"Report" xəbər verir ki, qastrol səfəri 4 gün davam edib.

Gənc Tamaşaçılar Teatrının kollektivi 4 gün müddətində Elista Milli Dram Teatrının səhnəsində uşaqlar üçün Pərvinin “Dəcəl keçi” və böyüklər üçün Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” tamaşalarını nümayiş etdirib.

Səfər çərçivəsində Elista Dövlət İncəsənət Muzeyində Gənc Tamaşaçılar Teatrının və eyni zamanda nümayiş olunacaq tamaşaların quruluşçu rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elşən Sərxanoğlunun əsərlərindən ibarət sərgi təşkil edilib.

Sərgidə rəssamın yüzdən artıq qrafik və yağlı boya ilə işlənmiş əsərləri nümayiş olunub.

Tamaşaların nümayişindən sonra Elista şəhər Filarmoniyasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşı İlham Əsədovun iştirakı ilə xalq və müasir bəstəkar mahnılarından ibarət konsert keçirilib.

Teatrdan bildirilib ki, Gənc Tamaşaçılar Teatrının 31 nəfərlik kollektivinin çıxışı, Kalmıkiya Respublikasında uğurla qarşılanıb. Tamaşaların nümayişindən sonra teatrın direktoru, əməkdar artist Mübariz Həmidov və əməkdar incəsənət xadimi, teatrın baş rejissoru Bəhram Osmanov diplom və mükafatlarla təltif edilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatının Kalmıkiya Respublikasına qastrol səfərinin təşkilatçıları Kalmıkiya Mədəniyyət və Turizm Nazirliyi və Kalmıkiya Teatr Xadimləri İttifaqı olub. 

Son xəbərlər

Orphus sistemi