Gənc Tamaşaçılar Teatrı: "Biz bütün tələblərə uyğun fəaliyyət göstərməyə hazırıq"

Gənc Tamaşaçılar Teatrı: "Biz bütün tələblərə uyğun fəaliyyət göstərməyə hazırıq" Gənc Tamaşaçılar Teatrı sənətsevərlərə müraciət edib.
İncəsənət
188
6 Sentyabr , 2021 20:05
Gənc Tamaşaçılar Teatrı: Biz bütün tələblərə uyğun fəaliyyət göstərməyə hazırıq

Gənc Tamaşaçılar Teatrı sənətsevərlərə müraciət edib.

Teatrdan "Report"a verilən məlumatda bildirilir ki, sentyabr ayında yeni mövsüm və təzə səhnə əsərlərilə, maraqlı layihələrlə tamaşaçıların görüşünə gələn sənət məbədləri hələ də gözləmə mövqeyindədir.

Müraciətdə qeyd olunur ki, mövcud şərait, dünyanı cənginə alan koronavirus infeksiyasının yaratdığı məhdudiyyətlər teatr zallarını boş, sənət adamlarını işindən, tamaşaçısından uzaq qoyub: "Artıq dünya bu ümumbəşəri bəla ilə mübarizə üsulları tapdığı üçün tezliklə qapılarımızı sənətsevərlərin üzünə açacağımıza və rəngarəng tamaşalar təqdim edəcəyimizə inanırıq. Əgər ölkə əhalisinin böyük bir qismi infeksiya əleyhinə artıq vaksin olunubsa və müəyyən şərtlər daxilində təhsilin, kütləvi tədbirlərin bərpası haqqında düşünülürsə, biz də öz növbəmizdə bütün qoyulan tələblərə uyğun fəaliyyət göstərməyə hazırıq".

"Bütün bu müddət ərzində biz virtual məkandan istifadə edərək gündəmdən düşməməyə çalışdıq, sevilən səhnə əsərlərimizin unudulmaması üçün çaba göstərdik. 44 günlük Zəfər mübarizəmizə öz qatqımız olması üçün bu mövzuda müxtəlif online layihələr, videoçarxlar hazırladıq. Amma hər kəsə bəllidir ki, teatr canlı sənətdir və bizlərdən ötrü tamaşaçı ilə ünsiyyət çox vacibdir. Ümidvarıq ki, Operativ Qərargah tezliklə teatrların fəaliyyəti ilə bağlı müsbət qərarını, qaydalarını elan edəcək və biz mövsümün açılışı haqqında xəbəri sevə-sevə paylaşacağıq. Bütün dövrlərdə, bütün məhrumiyyətlərə və çətinliklərə baxmayaraq, teatr yaşayıb, yaşayacaq!", - məlumatda vurğulanır.

Son xəbərlər

Orphus sistemi