Dövlət Kukla Teatrında yeni tamaşanın premyerası keçiriləcək

Dövlət Kukla Teatrında yeni tamaşanın premyerası keçiriləcək Balaca tamaşaçılar aprelin 23-də özünün tam yeni səhnə həllini tapmış tamaşanı izləyə biləcəklər
İncəsənət
12 Aprel , 2017 17:40
Dövlət Kukla Teatrında yeni tamaşanın premyerası keçiriləcək

Bakı. 12 aprel. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Turp” tamaşasının premyerası keçiriləcək. 

Teatrın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, balaca tamaşaçılar aprelin 23-də özünün tam yeni səhnə həllini tapmış tamaşanı izləyə biləcəklər.

Məşqləri yekunlaşmaq üzrə olan tamaşa daha çox aşağı yaş qrupu tamaşaçılar üçün nəzərdə tutulduğundan burada musiqi nömrələrinin də say sırası genişləndirilib.

Klassik xətti qorunub saxlanılan tamaşaya yeni obrazlar artırılmaqla dramaturji baxımdan daha da zənginləşdirilib. Belə ki, tamaşada nağılda qeyd olunan qəhrəmanlarla yanaşı üç yeni obrazı – Müqəvva, Qarğa və Siçanın atasını görəcəyik.

Güc birlikdədir ideyasını əsas götürən tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib.

Vizual elementlər və rəngarəng musiqilərlə zəngin səhnə işinin rəssamı Rəvanə Yaqubova, bəstəkarı əməkdar artist Vüqar Camalzadədir.

Müxtəlif kukla texnikalarında hazırlanan birhissəli uşaq tamaşasında əsas rolları teatrın aparıcı aktyorları Cəmilə Allahverdiyeva, Cavid Telman, Aygül Ağayeva, Nərmin Əhmədova, Samirə Nəcəfova, Vüsal Hüseynov, Elnur Əliyev və Firuzə Nəsibli ifa edirlər.

Son xəbərlər

Orphus sistemi