Çingiz Abdullayev: "Rejissorun işinə müdaxilə edə bilmərəm"

Çingiz Abdullayev: "Rejissorun işinə müdaxilə edə bilmərəm" "Xeyirlə Şərin rəqsi" filminin çəkilişləri yekunlaşmaq üzrədir
İncəsənət
6 May , 2015 16:09
Çingiz Abdullayev: Rejissorun işinə müdaxilə edə bilmərəm

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyinin katibi, dedektiv yazıçı Çingiz Abdullayevin "Quba kapriççiosu" romanı əsasında lentə alınan "Xeyirlə Şərin rəqsi" filminin çəkilişləri yekunlaşmaq üzrədir. "Report" xəbər verir ki, filmdə Dronqo obrazını müğənni İlqar Muradov canlandırır. Filmin kinorejissoru Yavər Rzayevdir. 

Rejissorun baş rol üçün seçimi sənət aləmində birmənalı qarşılanmasa da, filmdə İlqar Muradovun oynaması əsərin müəllifi Çingiz Abdullayevin ürəyincədir: "Əsər və ssenari mənə məxsusdur. Mədəniyyət və Turizm Nazirliyi filmi çəkməyi rejissor Yavər Rzayevə tapşırıb. Rejissorun işinə qarışmaq olmaz. O, Dronqo obrazını İlqar Muradovun timsalında görüb. İndiyədək Dronqonu çox tanınmış aktyorlar oynayıb. Obrazı İlqar Muradovun oynaması təklif olunanda çox adam bunun əleyhinə idi. 

Amma məşqlərə baxdım və çox xoşuma gəldi. Özüm də gözləməzdim ki, İlqar Muradov baş rola bu qədər uyğun ola bilər. Belə narazılıq və söz-söhbəti mən də eşidirəm. Bəzi adamlar deyirlər ki, Çingiz Abdullayev hüquqşünasdir, yazıçı deyil, yaxud yazıçıdır futbolda nə işi var, niyə "Neftçi" klubuna rəhbərlik edir. Eyni sözü İlqar haqda da söyləyirlər ki, müğənnidir, aktyor deyil, niyə filmdə çəkilir. Mən əminəm ki, işin sonu uğurlu olacaq". 

Onun sözlərinə görə, hazırda kinonun çəkilişləri davam edir: "1-2 aya film tam hazır olcaq. İnanıram ki, kino uğurlu alınacaq. Çünki Yavər Rzayev peşəkardır".

Son xəbərlər

Orphus sistemi