Çin oyuncaqlarının unutdurduğu milli oyuncaqlar - ARAŞDIRMA

Çin oyuncaqlarının unutdurduğu milli oyuncaqlar - ARAŞDIRMA Bakı. 26 iyul. REPORT.AZ/ Azərbaycanda milli oyuncaq istehsalının olmaması vətəndaşları xaricdən gələn oyuncağa üstünlük verməsinə məcbur edir. Çindən gətirilən malların ucuz olmasını əsas gətirən valideyn onların tərkibindəki melanin, fatalat kimi zərərli maddələrə diqqət yetirmir. Qeyd olunan maddələr gələcəkdə uşaqlarda sonsuzluq, onkoloji xəstəliklər yarada bilər.
İncəsənət
26 İyul , 2018 16:46
Çin oyuncaqlarının unutdurduğu milli oyuncaqlar - ARAŞDIRMA

Bakı. 26 iyul. REPORT.AZ/ Azərbaycanda milli oyuncaq istehsalının olmaması vətəndaşları xaricdən gələn oyuncağa üstünlük verməsinə məcbur edir. Çindən gətirilən malların ucuz olmasını əsas gətirən valideyn onların tərkibindəki melanin, fatalat kimi zərərli maddələrə diqqət yetirmir. Qeyd olunan maddələr gələcəkdə uşaqlarda sonsuzluq, onkoloji xəstəliklər yarada bilər.

“Əvvəllər Azərbaycanda belə fabriklər olub. Xaricdə istehsal olunan və ölkəyə gətirilən oyuncaqların tərkibində insan orqanizmi üçün çoxlu zərərli maddələr aşkarlanır. Əlbəttə ki, bu uşaqlar üçün daha təhlükəlidir”. Bu fikirləri ”Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov

Deputat ölkədə milli yumşaq oyuncaq istehsalına çoxdan başlanılmalı olduğunu qeyd edib: “Haradasa fabrik tikib, orada milli oyuncaq istehsalına başlamaq Azərbaycan üçün ciddi problem deyil. Bunun üçün Azərbaycanın kifayət qədər maddi vəsaiti də var. Ölkəmizdə bununla məşğul olacaq sahibkarlar yetərincədir. Bu məsələ hökumətin nəzərində olmalıdır. Uşaqlarımızın milli oyuncaqlarımızla böyümələri vacib məsələdir”.

Xaricdən gətirilən oyuncaqların həm tərkibinə, həm də uşaqlara aşıladığı tərbiyə və mədəniyyət baxımından ölkə siyasətinə uyğun olmadığını qeyd edən Vahid Əhmədov onların uşaqlara şiddət aşılandığını, sağlam və milli ruhda böyümələrinə mane olduğunu deyib.

Ev şəraitində yumşaq oyuncaq düzəldib satışı ilə məşğul olan Ziba Abdullayeva hər bir oyuncağın hazırlanmasına 2-3 gün vaxt sərf etdiyini söyləyir: “Şənbə və bazar günləri İçərişəhərdə təşkil olunan yarmarkalarda iştirak edirik. Əl işlərimizə xarici vətəndaşlar daha çox maraq göstərirlər. Öz vətəndaşlarımız çox az halda alırlar. Ucuz da verə bilmirəm. Çünki oyuncağın yaradılmasında çox əziyyət çəkirəm. Oyuncağın əl işi olduğuna çoxu inanmır. Düzəltdiyim oyuncaq hansısa zavodda istehsal olunan məhsuldan geri qalmır”.

Kukla Teatrının baş rəssamı, fəxri mədəniyyət işçisi İqbal Əliyevin fikrincə, milli oyuncaqlar nə qədər keyfiyyətli və gözəl hazırlansa da, valideynlər yenə də uşaqlarına Barbi və digər əcaib cizgi film qəhrəmanlarının fiqurlarını hədiyyə edəcəklər:

“Valideyn üçün uşağın zövqü önəmli deyil. Fikrimcə, istehsalata başlanılsa belə, valideyn uşağı üçün milli oyuncaq almayacaq. Amma Barbi, Eliza, Sofiyanın əl boyda oyuncaqlarına 150-200 manat xərcləyirlər. Uşaqda milli düşüncəni formalaşdırmazdan öncə valideynə milli fikri təbliğ etmək lazımdır.

Özüm “maskot” kukla sifarişi qəbul edirəm. Son zaman daha çox əcnəbi cizgi film qəhrəmanlarını tələb edirlər. 2-3 dəfə milli nağıl qəhrəmanı olan Tıq-Tıq xanım və Cırtdan “maskot” sifarişi almışam. Daha çox Mikki, Maşa və Ayı, Eliza ilə maraqlanırlar”.

Marketoloq Yusif Vəliyevin fikrincə, ilk öncə istehsal olunacaq məhsulun bazarda hədəf kütləsinin kimdən ibarət olmasını bilmək vacibdir: “Hər hansı məhsul bu istiqamətdə işlənib istehsala hazır olmalıdır. İstər reklam strategiyası olsun, istərsə də marketinq planı: hədəf kütləyə uyğun hazırlanmalıdır. Yəni, proses böyüklərin görməsi üçün deyil, uşağın görüb öz valideynindən tələb etməsi istiqamətində aparılmalıdır. Bizdə istehsal olunan məhsullarda əsas problem ondan ibarətdir ki, məhsulun hədəf kütləsi düzgün seçilmir. Məhsulu alan böyük olsa da, onu tələb edən uşaqdır. Milli məhsulların təkcə ölkə daxilində deyil, həm də ölkədən kənarda da ixracını düşünmək lazımdır”.

Türkiyə və Rusiyada yayımlanan cizgi film qəhrəmanlarının artıq bizim uşaqların beyninə həkk olunduğunu söyləyən Yusif Vəliyev bildirib ki, bir insanın uzun müddət yaddaşına yazılan hansısa obrazı silib, yenisini yazmaq çox çətin prosesdir: “Bunun üçün istehsal olunacaq milli oyuncaqlarla bərabər, həmin qəhrəmanların iştirak etdiyi yeni cizgi filmləri çəkilməlidir. Bir sıra məhsullar var ki, onların istehsalından öncə maarifləndirici tədbirlər mütləqdir. Uşaqların gündəlik görə biləcəyi hər yerdə şüuraltı olaraq milli oyuncaqlar təbliğ olunmalıdır. Təbliğatdan sonra artıq məhsulun istehsalına başlanılmalıdır. Türkiyədə uşaq kanalı kimi fəaliyyət göstərən Yumurcak TV- də yayımlanan cizgi film qəhrəmanları öncə uşaqların şüuraltına yeridildi, daha sonra həmin qəhrəmanların oyuncaqları istehsal olundu”.

Nigar Adil

Son xəbərlər

Orphus sistemi