Ceyhun Mirzəyevin 70 illik yubileyi keçiriləcək

Ceyhun Mirzəyevin 70 illik yubileyi keçiriləcək Dövlət Film Fondunda yubileyə hazırlıq işləri gedir
İncəsənət
8 Aprel , 2016 12:11
Ceyhun Mirzəyevin 70 illik yubileyi keçiriləcək

Bakı. 9 aprel. REPORT.AZ/ Aprelin 9-da aktyor, rejissor, görkəmli kino xadimi Ceyhun Mirzəyevin 70 yaşı tamam olur. Bu münasibətlə yaxın günlərdə Dövlət Film Fondunda Ceyhun Mirzəyevlə bağlı yubiley tədbiri təşkil ediləcək.

Bu barədə "Report"a Dövlət Film Fondundan məlumat verilib.

Yubiley gecəsində Ceyhun Mirzəyevin keçdiyi qısa lakin şərəfli ömür və sənət yolundan bəhs ediləcək, çəkdiyi və aktyor kimi rol aldığı filmlərdən parçalar nümayiş etdiriləcək.

Ceyhun Mirzəyevin sənət dostları onun haqqında xatirələrini bölüşəcək.

Tədbirin keçirilmə vaxtı hələ dəqiqləşməyib.

Xatırladaq ki, Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Daha sonra təhsilini  Moskvada davam etdirib. Onun 47 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki "Görüş"  filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə "Ögey ana" filmində çəkilib.

Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent, rejissor köməkçisi aktyor və rejissor kimi filmlər çəkib.

"Mozalan" satirik kinojurnalı üçün süjetlər çəkib. "Mozalan"ın bədii rəhbəri olub. Ceyhun Mirzəyev həm də güclü parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta "Mozalan"ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.

Ceyhun Mirzəyevin çəkdiyi və aktyor kimi çəkildiyi son film "Fəryad" olub.

Ceyhun Mirzəyev 1993-cü il martın 5-də vəfat edib.

Son xəbərlər

Orphus sistemi