Cahangir Novruzova həsr olunan sənədli filmin birinci bölümünün çəkilişləri başa çatıb

Cahangir Novruzova həsr olunan sənədli filmin birinci bölümünün çəkilişləri başa çatıb Maddi çətinliklərə görə Moskvada aparılmalı olan çəkilişlər baş tutmayıb
İncəsənət
8 Yanvar , 2016 14:25
Cahangir Novruzova həsr olunan sənədli filmin birinci bölümünün çəkilişləri başa çatıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycanın görkəmli teatr və kino aktyoru, əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov haqqında Türkiyə televiziyalarından birinin çəkdiyi sənədli filmin birinci bölümünün çəkilişləri sona çatıb.

Bu barədə "Report"a filmin quruluşçu rejissoru və prodüsseri Nəcibə Abbasova məlumat verib. Onun sözlərinə görə, film Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Sinema İdarəsi Müdirliyinin sifarişi ilə çəkilir.

N.Abbasova qeyd edib ki, "2 Dil 1 Harmoni" adlı bioqrafiq sənədli filmin iki baş qəhrəmanı var: "Onlardan biri Cahangir Novruzov, digəri isə səyahətçi xarakterini canlandıran aktyor Emre Özmendir. Filmin adının ideyası Stanislavskinin "Yaradıcı ruhun halı" fikirindən götürülüb. Filmdə Cahangir Novruzovun ailə kökləri, babası Cahangir Zeynalov, anası, Azərbaycanın qüdrətli sənətkarı Nəsibə Zeynalova və 130 ildir Azərbaycan səhnəsində olan ailə şəcərəsindən bəhs edilir".

N.Abbasova bildirib ki, filmin çəkilişləri 9 ay davam edib. Rejissor qeyd edib ki, 2014-cü ilin avqust-sentyabr aylarında başlayan çəkilişlərdən sonra filmin birinci bölümünün lentə alınması başa çatıb: "Bir saat 17 dəqiqəlik filmdə həm Türkiyə, həm də Azərbaycanın tanınan, sayılıb-seçilən mədəniyyət və incəsənət xadimləri Cahangir Novruzov barədə ürək sözlərini söyləyiblər".

Onun sözlərinə görə, Azərbaycanda aparılan çəkilişlər Bakıda - Akademik Milli Dram Teatrında, "Azərilmə" MMC-də, AzTV-də, Fəxri Xiyabanda baş tutub. Filmdə Azərbaycanın Türkiyədə fəaliyyət göstərən tanınmış sənət adamları - professor Ramiz Məlikaslanov, İslam Manafov, Fərid Adıgözəlzadə, Toğrul Qəniyev, Azərin və başqalarının fikirlərini, C.Novruzov haqda ürək sözlərini söyləyiblər. 

Cahangir Novruzov isə bildirib ki, filmi tam variantda hələ görməyib, amma franqmentləri ilə tanış olub. 

Onun sözlərinə görə, bioqrafiq sənədli filmin xronometrajı əvvəlcə 45 dəqiqə nəzərdə tutulsa da, çəkilişlər 3 saat yarım davam edib: "Bu səbəbdən ilk bölüm 1 saat 17 dəqiqədir. Mən hələlik filmi görməmişəm. Sadəcə hissələrə baxmışam. Filmin rejissoru Nəcibə Abbasova əslən azərbaycanlıdır. Lakin uzun illərdir Türkiyədə yaşayır. Çəkilişlərdə gənc rejissora AzTV və Şəki Televiziyasının böyük köməkliyi olub. Azərbaycandakı çəkilişlər bizim operatorların əməyi sayəsində başa gəlib. Bu səbəbdən də adı çəkilən televiziyaların rəhbərliklərinə minnətdarlığımı bildirirəm. İkinci bölümün çəkilişləri Moskvada, Türkiyədə və Şəkidə aparılacaq. İkinci bölümdə dostlarım, Ramiz Həsənoğlu, Fuad Poladov, Şükufə Yusupova və Şəki teatrının aktyorları ürək sözlərini deyəcəklər. Moskvada olacaq çəkilişlərlə bağlı, dostum Yuli Qusmanla söhbətimiz olub. Hələlik bəzi maddi çətinliklərə görə, Moskva çəkilişləri saxlanılıb".

Qeyd edək ki, " 2 Dil 1 Harmoni" bioqrafiq sənədli filmin sujet xəttinə görə, aktyor olmağa qərar vermiş, bir gənc öz ustasını axtarıb tapır. Həmin gənc, ətrafdakı insanlardan Cahangir Novruzovun adını eşidir və ondan sənət dərsləri almaq istəyir. Çox gəzib, axtardıqdan sonra Cahangir Novruzovu tapır və onun tələbəsi olmaq istəyinə çatır.

Sənədli filmin Rusiya, Türkiyə və Azərbaycanda nümayişi nəzərdə tutulub.

Türk dilində çəkilən film ingilis dilində subtitrlərlə təqdim ediləcək. "2 Dil 1 Harmoni" filminin festivallara təqdim edilməsi nəzərdə tutulub. Film ilk növbədə "Altın Koza" və Altın Portakal" film festivalında nümayiş etdiriləcək. 

Son xəbərlər

Orphus sistemi