Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycanda musiqi təhsilinin inkişafında mühüm işlər görən bu məktəb 1931-ci ildə fəaliyyətə başlayıb. 1990-ci il fevralın 9-da musiqi məktəbinə görkəmli müğənni, dünya şöhrətli sənətkar Rəşid Behbudovun adı verilib. 2006-cı ildən etibarən isə onbirillik tədris müəssisəsinə çevrilib. 1986-cı ildən də Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinə əməkdar mədəniyyət işçisi, musiqişunas Qəmər Quliyeva rəhbərlik edir. "Report"un əməkdaşları məktəbdə olub, fəaliyyətini yaxından izləyib.
Təmirdən yeni çıxmış məktəb
Bizi təhsil müəssisəsinin direktoru Qəmər Quliyeva qarşılayır. Məktəbin yeni təmirdən çıxdığı içəridəki qoxudan dərhal hiss olunur. Əvvəlcə direktorun otağına daxil oluruq. Qəmər Quliyeva bildirir ki, təmirdən sonra məktəbdə əsaslı dəyişiklik olmayıb: “Açığını desəm, böyük müqayisə edə bilmərəm. Çünki bu məktəb hər zaman yaxşı vəziyyətdə idi. Burada hər il, təxminən, 360-370 şagird oxuyur. Təmir zamanı dərslər başqa musiqi məktəbində keçirilirdi. Valideynlərin bəziləri bu vəziyyətdən narazı idilər, çünki şagirdlərin təhsil aldıqları ümumtəhsil məktəbləri bizim məktəbin ətrafında yerləşirdi. Bu səbəbdən, təxminən, 45 nəfər təhsilini dayandırdı. Biz öz yerimizə qayıtdıqdan sonra həmin ailələr övladlarının yenidən bərpa olunmasını istəyirlər, ancaq indi ilin ortası olduğundan buna imkan yoxdur. Əgər sentyabrda yerlər olsa, bərpa oluna bilərlər”.
Məktəbə qəbul
Bəzən uşaqlar valideynlərinin istəklərinə uyğun olaraq musiqi təhsili almağa məcbur edilirlər. Direktor qeyd etdi ki, bu kimi hallar imtahan zamanı özünü büruzə verir: “Bəzi uşaqların məktəbə daxil olarkən istedadları insanı heyrətə gətirir. Ancaq bir il sonra uşağın özünü doğrultmadığını görürük. Yalnız fitri istedad kifayət deyil, insan gərək həm də üzərində işləsin. İmtahanda bütün uşaqlara eyni şəkildə baxılır. Bəzən valideynlər fərdi müəllim tutub uşaqlarını əvvəlcədən hazırlaşdırırlar. İmtahan vaxtı isə şagirdlərin bir və ya iki sinif yuxarı yazılmasını istəyirlər. Mən belə şeylərə yol vermirəm. Çünki hər ailənin evdə uşaq hazırlaşdırmağa imkanı yoxdur. Ümumiyyətlə, üç gün ərzində uşaqlara qəbul hansı qaydada keçiriləcəyi haqqında məlumat veririk”.
Nizam-intizam qaydaları
Məktəbin nüfuzunu yüksəldən əsas amillərdən biri də nizam-intizam qaydalarıdır. Dəhliz ilə gəzərkən, adətən, məktəbdə gördüyümüz qaçan, bir-biri ilə oynayan uşaqlardan fərqli olaraq, burada şagirdlər olduqca səssizdirlər. Qəmər Quliyeva vurğulayır ki, uşaqlar necə ali bir yerdə təhsil aldıqlarını dərk edir və özlərini buna uyğun tənzimləyirlər: “Burada çalışan müəllimlərin əksəriyyəti ali savadlıdırlar. Mən müəllimlərdən peşəkarlıq və uşaqlara qarşı məhəbbət tələb edirəm. Məktəbdə hər mənada təmizlik şərtdir. Ən vacib tələbim isə müəllimlərin vaxtında iş yerində olmalarıdır. Valideynlər bu məktəbə şəhərin müxtəlif yerlərindən gəlirlər. Yəni Zabratdan, Mərdəkandan, Xırdalandan, Siyəzəndən buraya övladlarını, nəvələrini gətirənlər var. Onlar müəllimləri gözləməli deyil. Əlbəttə, istisnalar olur”.
Nağara və qarmona azalan maraq
Şagirdlər təhsil ocağında fortepiano, violonçel, nağara, fleyta, klarnet, truba, violin, tar, kamança, balaban, qanun, qarmon, gitara olmaqla, 13 alətdə musiqi təhsili alırlar. Q.Quliyeva bildirir ki, məktəbin yerləşdiyi ərazidə nağara, qarmon təhsili üçün müraciət edənlərin sayı azdır: “Məktəbdə uşaq çalğı alətləri orkestri olduğundan nağara və qarmon müşayiəti vacibdir. Bunun üçün də bu alətlərdə təhsili davam etdiririk. Eyni zamanda şagirdlərimiz hər il Azərbaycan Dövlət Filarmoniyasının böyük zalında Azərbaycan Dövlət Simfonik Orkestri ilə birlikdə tanınmış dirijor Rauf Abdullayevin müşayiətində çıxış edirlər. Bu uşaqlar üçün unudulmaz xatirədir”.
Məktəbin məşhur simaları
Otaqlarda diqqətimizi çəkən elektron lövhə oldu. Şagirdlər bu lövhə vasitəsilə notları öyrənirlər. Lövhələr Bakıya xaricdən gətirilib. Direktor qeyd edir ki, təhsil mərkəzindən böyük arenaya çıxmış bir çox yetirmələri olub: “Dirijor Eyyub Quliyev, kaman ifaçısı Elnur Əhmədov məktəbimizin şagirdləri olublar. Eyni zamanda “Junior Eurovision”da ilk çıxış edən Rüstəm Kərimov və böyüklər üçün keçirilən "Eurovision"da çıxış etmiş Aysel Teymurzadə,
Müslüm Maqomayevin pianinosu
Daha sonra Q.Quliyeva bizə otaqlardan birindəki pianinonu göstərərək onun maraqlı tarixçəsindən bəhs etdi: “Bu pianino Müslüm Maqomayevə aiddir. Biz onunla dost idik. Bakıdan köçərkən pianinonu mənə vermək istədiyini dedi. Yeri gəlmişkən, mənim direktor olmağımda onun rolu böyük olub. Konservatoriyanı bitirdikdən sonra Mədəniyyət Nazirliyində Təhsil və kadrlar şöbəsində işləməyi təklif etdilər. Mən on ilə yaxın orada əvvəl inspektor, sonra isə baş inspektor olaraq işlədim. Əslində, mənim xarakterimdə şöhrətpərəstlik olmadığından direktor olmaq fikrim yox idi. Qızımın yaşı az idi və onun yolunu çox gözləmişdik. Müslüm Maqomayev mənə dedi ki, sən oraya getməlisən”.
Ancaq nizam-intizam olan yerdə göstəricilər olur. Nizam-intizam mənim qanımda var. Atam Rəsul Quliyev və anam Leyla Quliyeva tanınmış şəxslər olub. Atam Amerika torpağına ayaq basan ilk azərbaycanlı olub. O vaxt hər adamı Amerikaya göndərmirdilər. Anam isə gənc yaşında Kremldə Lenin ordeni təqdim olunan birinci qadın idi. Çox təəssüflər olsun ki, hər ikisi cavan yaşda dünyalarını dəyişdilər. Çətin bir həyat yaşamışam. Ancaq bu faciələr məni möhkəmləndirib. Mənim devizim bu insanların adına layiq həyat yaşamaqdır. Arzum budur ki, bu məktəb də hər zaman adını, ziyalılığını qorusun.
Foto: Firi Salim