Bu gün Azərbaycan Milli Musiqisi Günüdür

Bu gün Azərbaycan Milli Musiqisi Günüdür Üzeyir Hacıbayovun anadan olmasının ildönümüdür
İncəsənət
18 Sentyabr , 2016 10:18
Bu gün Azərbaycan Milli Musiqisi Günüdür

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün dahi bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun doğum günüdür.

"Report"un məlumatına görə, Üzeyir Hascıbəyov 1885-ci ilin 18 sentyabrında Ağcabədi rayonunda doğulub.

Azərbaycanın əməkdar incəsənət xadimi, SSRİ xalq artisti, "Qırmızı Əmək Bayrağı" ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru, Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948), habelə Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan SSR-nin himnlərinin bəstəkarı, müsəlman olan ilk opera müəllifi olan Üzeyir Hacıbəyov eləcə də müsəlman Şərqində ilk opera olan "Leyli və Məcnun"un müəllifidir.

Bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət "Ər və arvad"dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni iqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirən Üzeyir Hacıbəyov 300-dən çox xalq mahnısını nota salıb, marş, kontata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb.

Üzeyir Hacıbəyov 1948-ci ilin 23 noyabrında Bakıda vəfat edib.

1995-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla bəstəkarın anadan olduğu gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi