Bəhram Osmanov: "Gələn il aktyorların həyatından bəhs edən əsər səhnəyə qoyulacaq"

Bəhram Osmanov: "Gələn il aktyorların həyatından bəhs edən əsər səhnəyə qoyulacaq" "Yola saldığımız il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı üçün uğurlu oldu"
İncəsənət
29 Dekabr , 2014 16:50
Bəhram Osmanov: Gələn il aktyorların həyatından bəhs edən əsər səhnəyə qoyulacaq

Bakı. 29 dekabr. REPORT.AZ/ "Yola saldığımız il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı üçün uğurlu oldu. 2015-ci ildə teatrımızı daha böyük uğurlar gözləyir". Bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov 2014-cü ilin yekunları və 2015-ci ilin gözlənilən tamaşaları ilə bağlı sualını şərh edərkən deyib.

Onun sözlərinə görə, GTT-nın 2015-ci ildə repertuar qovluğunda maraqlı tamaşalar var: "2015-ci ildə maraqlı uşaq tamaşaları ilə tamaşaçılarımızın görüşünə gələcəyik. Teatrımızın rejissoru, əməkdar artist Nicat Kazımov H.X.Andersonun "Çirkin ördək balası" uşaq tamaşasını hazırlayacaq. Pərvinin "Ərköyün keçi" və Əjdər Olun "Biri vardı biri yox" adlı tamaşası da 2015-ci ildə hazırlanacaq tamaşalar sırasındadır. Həmçinin teatrın 2015-ci il repertuar qovluğunda M.Bulqakovun "Molyer", Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" və Əli Əmirlinin "Kastinq" adlı əsəri səhnəyə qoyulacaq. Qeyd edim ki, "Kastinq" əsəri GTT-nın şəxsi sifarişi ilə yazılan əsərdir və aktyorların həyatından bəhs edir. Həmin əsərə özüm quruluş verəcəm".

B.Osmanov Ə.Haqverdiyevin əsərinə rusiyalı rejissorun quruluş verəcəyini deyərək, adının hələlik yazılmasını istəmədiyi rejissorun azərbaycanlı dramaturqun yaradıcılığına vurğunluğunu söyləyib: "Ə.Haqverdiyevin əsəri Rusiya və Azərbaycan arasında Beynəlxalq Teatr layihəsinin əsas tərkib hissəsi kimi səhnəyə qoyulacaq. Mən tamaşanın hazırlanmasında Rusiyadan dəvət olunacaq rejissora yaxından kömək edəcəyəm".

Baş rejissor 2015-ci ildə Gənc Tamaşaçılar Teatrını gərgin və zəngin iş qrafikinin gözlədiyini vurğulayıb: "2015-ci ilin payız aylarında Gənc Tamaşaçılar Teatrında Beynəlxalq Laboratoriyanın növbəti seminarları keçiriləcək. 2016-cı ildə Beynəlxalq Laboratoriya ilə birlikdə böyük layihəyə imza atılacaq". 

Qarşıda böyük teatr uğurlarının olacağını deyən B.Osmanov 2015-ci ildə Gənc Tamaşaçılar Teatrının müxtəlif teatr festivallarına dəvət aldığını bildirib.

Baş rejissor əlavə edib ki, 2015-ci ildə Gənc Tamaşaçılar Teatrı Kalmıkiyaya səfər edəcək, öz növbəsində Kalmıkiyanın Milli Dram Teatrı Bakıya qonaq gələcək: "2016-cı ildə Kalmıkiya Milli Dram Teatrı ilə Gənc Tamaşaçılar Teatrı arasında müştərək tamaşa səhnəyə qoyulacaq. Bu tamaşa Azərbaycan və Kalmıkiya arasında yaranan və inkişaf edən dostluğun bariz nümunəsi olacaq".

Son xəbərlər

Orphus sistemi