Bakının nadir fotolarını çəkmiş Pol Nadarın sərgisi açılıb

Bakının nadir fotolarını çəkmiş Pol Nadarın sərgisi açılıb Azərbaycan Milli İncəsənət Muzeyində “Pol Nadar: Bakıya əsrarəngiz səyahət” adlı sərginin açılış mərasimi keçirilib.
İncəsənət
18 Dekabr , 2021 19:17
Bakının nadir fotolarını çəkmiş Pol Nadarın sərgisi açılıb

Azərbaycan Milli İncəsənət Muzeyində “Pol Nadar: Bakıya əsrarəngiz səyahət” adlı sərginin açılış mərasimi keçirilib.

“Report” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, sərgi nazirliyin, Fransanın ölkəmizdəki səfirliyi, Azərbaycan Fransız İnstitutu (İFA) və Milli İncəsənət Muzeyinin birgə əməkdaşlığı ilə təşkil edilib.

Açılış mərasimində mədəniyyət nazirinin birinci müavini Sevda Məmmədəliyeva, nazirliyin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva, Fransanın ölkəmizdəki səfiri Zakari Qros, mədəniyyət, incəsənət və elm xadimləri, digər qonaqlar iştirak edib.

Giriş sözü ilə çıxış edən İFA-nın direktoru Jerom Kel sərginin Fransanın Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Memarlıq və İrs Multimedia Kitabxanasının dəstəyi sayəsində ərsəyə gəldiyini söyləyib. O, bildirib ki, Pol və atası Feliks Nadarın fotoneqativləri həmin kitabxanada saxlanılır.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, Azərbaycanın zəngin tarixi və mədəni irsi həmişə xarici ölkələrdən bura gələn ziyarətçilərin və sənət adamlarının marağına səbəb olub: “Bu gün açılışında iştirak etdiyimiz sərgi də bunu deməyə əsas verir. Əvvəllər də hər iki ölkədə müştərək sərgilər təşkil olunub. 2012-ci ildə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə təşkil edilən “Fransa inciləri. Fransız incəsənəti Renessansdan XX əsrədək” sərgisi özünün bədii dəyəri, mövzu dərinliyi və eksponatların zənginliyi ilə səciyyələnərək müstəqil Azərbaycanın mədəniyyət tarixinə qızıl hərflərlə yazılmış bir hadisədir. Sərgidə Fransanın aparıcı muzeylərinin eksponatları nümayiş etdirilib. Bugünkü sərgidə isə biz Fransanın Memarlıq və İrs Multimedia Kitabxanasının arxivində saxlanılan orijinal neqativlər əsasında çap olunan 70-dək yüksəkkeyfiyyətli foto ilə tanış olmaq imkanı əldə edəcəyik. XIX-XX əsrlərin ən istedadlı fotoqraflarından olan Pol Nadar təkcə Avropa şəhərlərində yox, eyni zamanda Buxara və Səmərqənd kimi Şərq şəhərlərində də gündəlik həyatı əks etdirən fotolar çəkib. Sənəti onu 1890-cı ildə İstanbula, daha sonra isə Bakıya gətirir. Pol Nadarın Bakıya səfəri zamanı çəkdiyi yerlərin fotoşəkilləri XIX əsrin sonlarında Azərbaycanın paytaxtı haqqında böyük əhəmiyyət kəsb edən sənədli sübutdur. Pol Nadar Bakının unikal memarlıq nümunələrini – Qoşa qala qapıları, Şirvanşahlar sarayı, dükan və bazarları, yerli əhalini lentə alıb. Düşünürəm ki, bugünkü sərgidə qədim Bakını Pol Nadarın çəkdiyi bu fotoşəkillər vasitəsilə görmək hər bir tamaşaçı üçün çox maraqlı olacaq”.

Azərbaycan Milli İncəsənət Muzeyində Fransanın tanınmış rəssam və heykəltəraşlarının sənət əsərlərinin qorunub saxlanıldığını söyləyən nazir müavini 2016-cı ildə keçirilən “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgidə Fransa incəsənətinin bu dəyərli nümunələrinin nümayiş etdirildiyini bildirib.

Fransanın ölkəmizdəki səfiri Zakari Qros qeyd edib ki, Pol Nadar (1856-1939) XIX əsrdə Fransada fotoqrafiya sənətinin qabaqcıllarından biri və nüfuzlu “Nadar” fotoqrafiya şirkətinin yaradıcısı Feliks Nadarın (1820-1910) oğlu idi. Atasının layiqli varisi olan Pol Nadar sənətini uzaq səyahətlərdə daha da inkişaf etdirib. Feliks Turnaşon 20 yaşında ikən “Nadar” adını daşımağa qərar verir. 1854-cü ildə əksəriyyəti satirik olan 300 karikatura ilə “Pantheon Nadar” ortaya çıxır. 1860-cı ildə Parisin Kapüsin bulvarında yerləşən lüks studiyasına köçür. O, Parisin havadan görüntülərini çəkmək üçün hava şarına ilk minənlərdəndir. F.Nadar bizə ən məşhur simaların – Şarl Bodler, Ejen Delakrua, Viktor Hüqo, Jorj Sand kimi məşhurların foto obrazlarını bəxş edib.

Səfir qeyd edib ki, F.Nadarın yeganə oğlu Pol Nadar uşaqlıqdan atasının studiyasında işləyir və özünü yalnız fotoqrafiya sənətinə həsr edir. Pol 1890-cı ildə İstanbula, daha sonra isə Bakıya gəlir və şəhərin nadir fotolarını çəkir. O, sonra buradan Daşkəndə yola düşür və Bakıda çəkdiyi fotoşəkillərdən ibarət sərgi təşkil edir.

Layihənin kuratoru Könül Rəfiyeva bildirib ki, sərgiyə bir ildən artıq müddətdə hazırlıq gedib. Qeyd olunub ki, sərgi Bakının bizə gəlib çatan mədəni irsi və onun dəyişməsinə dair sənədli bir layihədir. Sərgidə Bakıya aid 23 əsər nümayiş olunur.

Sonra rejissor Rüstəm Hüseynov və layihənin kuratoru Könül Rəfiyevanın Pol Nadar haqqında sənədli film nümayiş olunub. Sərginin açılışını bildirən rəmzi lent kəsilib. İştirakçılar sərgi ilə yaxından tanış olublar.

Qeyd edək ki, “Dahilərin portretləri”, “Bakı” və “Türküstana səyahət” adlı üç tematik hissəyə bölünən sərgi 2022-ci il fevralın 15-dək ziyarət üçün açıq olacaq.

Son xəbərlər

Orphus sistemi