“Bakı Prosesi”nin 10 illiyi ilə bağlı təqdimat mərasimi keçirilib

“Bakı Prosesi”nin 10 illiyi ilə bağlı təqdimat mərasimi keçirilib Bakı. 11 may. REPORT.AZ/ Bu gün Bakı Dövlət Universitetində “Bakı Prosesi”nin təqdimatı keçirilib.
İncəsənət
11 May , 2018 20:22
“Bakı Prosesi”nin 10 illiyi ilə bağlı təqdimat mərasimi keçirilib

Bakı. 11 may. REPORT.AZ/ Bu gün Bakı Dövlət Universitetində “Bakı Prosesi”nin təqdimatı keçirilib. 

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Universitetin prorektoru Aydın Kazımzadə “Bakı Prosesi”nin əhəmiyyəti barədə müəllim və tələbələrə məlumat verib.

Daha sonra çıxış edən Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, “Bakı Prosesi” Beynəlxalq İşçi Qrupunun katibi Vasif Eyvazzadə “Bakı Prosesi”nin tarixi, siyasi əhəmiyyəti və bu beynəlxalq təşəbbüs çərçivəsində keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və Bakı Beynəlxalq Humanitar Forumu barədə məlumat verib. V.Eyvazzadə qeyd edib ki, 2008-2009-cu illərdə Avropa və İslam dünyası arasında mədəniyyətlərarası dialoq sahəsində müstəsna yer tutan bu regional təşəbbüs 2010-cu ildə ölkə başçısının BMT-nin Baş Assambleyasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu təklif etməsi ilə qlobal layihə və hərəkata çevrilib.

Təqdimatda qeyd olunub ki, “Bakı Prosesi” inklüziv cəmiyyətin qurulması, onun davamlı inkişafına nail olmaq üçün dinlər, mədəniyyətlər və müxtəlif xalqlar arasında dialoq və əməkdaşlığı təşviq edən yeganə qlobal əhəmiyyətli platformadır və bu platformanı fərqləndirən əsas xüsusiyyət onun YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO kimi tərəfdaşlarının olmasıdır. Məhz bu səbəbdən BMT Baş Assambleyası özünün 11 dekabr 2017-ci il tarixli “Dinlərarası və mədəniyyətlərarası dialoq, qarşılıqlı anlaşma və sülh naminə əməkdaşlığın təşviqi” adlı qərarında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna istinad edərək onu mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma adlandırıb. Həmin hesabatda 2008-ci ildən bəri həyata keçirilən “Bakı prosesi”nin mədəniyyətlər arasında dialoqu dəstəkləmək üçün göstərilən səylərin ana xəttini təşkil etdiyi xüsusi ilə qeyd olunur.

Ölkə başçısının sərəncamı ilə Bakı Beynəlxalq Humanitar Forumunun “Bakı prosesi” çərçivəsində iki ildən bir keçirilməsi qərara alınıb. Cari ilin oktyabr ayında keçiriləcək forumun əsas istiqaməti xüsusilə insan inkişafına yönələcək. Bu o deməkdir ki, “Bakı prosesi”nin növbəti mərhələdə əsas hədəfi mədəniyyətlərarası dialoqla yanaşı müxtəlif ölkə və xalqların əldə etdiyi uğur və nailiyyətlərin mübadiləsi və dialoqu olacaq.

Daha sonra “Bakı Prosesi”nə həsr olunmuş film nümayiş etdirilib, tələbə və müəllim heyəti ilə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi