Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri məlum olub

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri məlum olub COVID- 19 pandemiyası səbəbindən bu il onlayn formatda reallaşan festival 6 günlük marafonunu yekunlaşdırıb.
İncəsənət
16 Dekabr , 2020 10:28
Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri məlum olub

11-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri bəlli olub.

"Report" xəbər verir ki, COVID- 19 pandemiyası səbəbindən bu il onlayn formatda reallaşan festival 6 günlük marafonunu yekunlaşdırıb.

Beləliklə, Beynəlxalq müsabiqənin “Qızıl nar” mükafatı “Ən yaxşı bədii film” nominasiyasında makedoniyalı Georgi Unkovskinin “Stiker”, “Ən yaxşı sənədli film” portuqaliyalı İnes Luisin “Siz evdə qalmalıydınız, səfehlər”, “Ən yaxşı animasiya filmi” Bosniya –Hersoqovinanı təmsil edən Aleta Rajicin “Təbii seçim” filminə verilib.

Festivalın “Ən yaxşı animasiya film rejissoru” İva Tokmakçiyeva (“Gəl, dünən görüşək”), “Ən yaxşı sənədli film rejissoru” italiyalı Manuel Marini (“Səmalar”), “Ən yaxşı bədii film rejissoru” kolumbiyalı Daniela Abad Lombana (“Çarpayı”) seçildi. Münsiflər heyətinin xüsusi mükafatına “Uordun xına mərasimi” (Murad Mostafa), xüsusi diplomuna isə “Əbədi gecə” (Pedro Peralti) filmi layiq görülüb.

Yerli müsabiqənin “Qızıl nar” mükafatına “Ən yaxşı bədii film” üzrə Azər Allahverdiyevin “Üç yol”, “Ən yaxşı sənədli film” üzrə Toğrul Musa, Nurlan Həsənlinin “Bir ata haqqında”, “Ən yaxşı animasiya filmi” üzrə Fidan Axundovanın “Quzğun”, “Ən yaxşı sosial çarx” üzrə Nicat Qədimlinin “Tezliklə”si layiq görülüb.

“Üç yol” festivalın “Ən yaxşı ssenari” nominasiyasında da qalib olub.

“Münsiflər heyətinin diplomları” “Quyu” (Elnur Paşa), “Sükut” (Ceyhun Türksoy), “Anamla dəqiqələr” (Sənan Səfərli), “Züleyxa ilə dialoqlar” (Rəşid Ağamalıyev) filminə verilib.

“Bakı küləyi” bədii filmi (Şirin Əhmədov) “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin, “Döngə” sənədli filmi (Vəfa Ağabalayeva) “AzərNyuMedia” şirkətinin mükafatı, “Tıq-tıq və dostları möcüzələr axtarışında” animasiyası (Sultan Abbasbəyli) “ÖZ FİLM” şirkətinin xüsusi diplomu ilə təltif olunub.

“Cinemobil” müsabiqəsinin qalibi isə Sənan Səfərovun “Bir zamanlar Dərnəgüldə” filmi seçilib.

Festivalın direktoru Fehruz Şamıyevin sözlərinə görə onlayn film nümayişləri kinosevərlər tərəfindən maraqla qarşılanıb. “Festivalın Beynəlxalq, Yerli, Cinemobil müsabiqəsində yarışan ümumilikdə 85 film xüsusi platformada yayımlandı və maraqla izlənildi”.

Beynəlxalq münsiflər heyətinin sədri, rejissor, prodüser Oleq Səfərəliyev ölkəmizdə festivalların xüsusilə də pandemiya zamanı keçirilməsinin önəminə toxunub: “Kino sənayesi inkişaf etməlidir. Sənətkarlar filmlər çəkməlidir, yeni gənc rejissorlar öz bacarıqlarını üzə çıxarmalı və öz işlərini ictimaiyyətə göstərməlidirlər”

Son xəbərlər

Orphus sistemi