Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Nərgiz Kərimova Ukraynada keçirilən beynəlxalq festivalda çıxış edib.
Bu barədə "Report"a Musiqili Teatrın mətbuat xidmətindən məlumat verilib.
N.Kərimova IV “O-FEST” Beynəlxalq Opera, Operetta və Müzikl festivalının qala gecəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını və İmre Kalmanın “Maritsa” əsərindən Maritsanın ariyasını ifa edib.
Əməkdar artist çıxışına görə, diplomla təltif olunub.
Tədbirdə N.Kərimova ilə yanaşı Çin, ABŞ, Belarus, Rumıniya, Moldova, Polşa, Gürcüstan, Sloveniya, Çex Respublikası, Estoniya, Bolqarıstan, Litva, Finlandiya, Qazaxıstan və başqa ölkələrin tanınmış sənətçiləri də çıxış edib.
Qeyd edək ki, IV “O-FEST” Beynəlxalq Opera, Operetta və Müzikl festivalı iyunun 4-5 də Kiyev Akademik Operetta Teatrında keçirilib. Azərbaycanın əməkdar artistini bu tədbirə Kiyev Akademik Operetta Teatrı dəvət edib.
Dördüncü dəfə keçirilən “O-FEST” Beynəlxalq Opera, Operetta və Müzkl festivalı dünyada kifayət qədər böyük şöhrətə və nüfuza malikdir.



