Azərbaycanda Milli Geyim Günü təsis edilə bilər

Azərbaycanda Milli Geyim Günü təsis edilə bilər Bu barədə Gülnarə Xəlilova Mədəniyyət və Turizm Nazirliyinə məktub ünvanlayıb
İncəsənət
262
10 Mart , 2017 19:58
Azərbaycanda Milli Geyim Günü təsis edilə bilər
Mədəniyyət və Turizm Nazirliyi

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanda Milli Geyim Günü təsis edilə bilər.

"Report"un  məlumatına görə, bu barədə Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın adına daxil olmuş Mədəniyyət və Turizm Nazirliyinin məktubunda deyilir.

Məktubda bildirilib ki, Azərbaycan qeyri-maddi mədəni irsinin bir hissəsi olan milli geyimlərin təbliği, bu sahənin populyarlaşdırılması baxımından əhəmiyyətini nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyi Milli Geyim Gününün təsis edilməsini məqsədəuyğun hesab edir və bildirir ki, məsələyə aidiyyəti qurumlarla birlikdə müvafiq qaydada baxılacaq.

G.Xəlilova daha əvvəl milli adətlərin qorunması və inkişafı, etnik yaradıcılığın təbliği məqsədi ilə Milli Geyim Gününün təsis edilməsi barədə Mədəniyyət və Turizm Nazirliyinə məktub ünvanlayıb. Milli Geyim Mərkəzinin rəhbəri müsahibəsində bu ideyanın həyata keçirilməsinin əhəmiyyətini vurğulayarq, təşəbbüsünə dəstək verdiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.

Onun sözlərinə görə, Azərbaycanda mədəniyyət və incəsənətin inkişafına, milli irsin qorunması və təbliğinə xüsusi diqqət yetirilir, layihələr böyük uğurla reallaşdırılır, müxtəlif festivallar, müsabiqələr, gecələr və mərasimlər keçirilir: “Novruz bayramı günləri qabağı, o cümlədən “Axır çərşənbə”də və ya ölkə tarixinin ən görkəmli qadınlarından birinin ad günündə keçirilməsi mümkün olan Milli Geyim Gününün təsis edilməsi ölkəmizin həyatında parlaq hadisəyə çevriləcək”.

Dizayner əlavə edib ki, Azərbaycan milli geyimi uzunmüddətli və çox mürəkkəb inkişaf yolu keçmiş mənəvi, mədəni və tarixi irsin ayrılmaz hissəsidir. Hazırda bu ənənələri qorumaq lazımdır, eyni zamanda hər modelyerin ona öz xüsusiyyətlərini verməsi alqışlanır, yəni stilizasiya milli geyimimizin gözəlliyini daha parlaq göstərir. Belə geyimi təkcə bayramlarda deyil, həm də gündəlik həyatda geyinmək olar. Milli Geyim Günü ölkədə turizm sənayesinin inkişafına əhəmiyyətli dərəcədə töhfə verə bilər.

G.Xəlilova diqqətə çatdırıb ki, dünyanın bir çox ölkəsində Milli Geyim Gününə həsr edilmiş müxtəlif festivallar və karnavallar keçirilir, bu da turistlərin böyük marağına səbəb olur: “Bu ideyanın reallaşdırılması gözəl ölkəmiz barəsində bütün dünyaya bəyan etməyin daha bir fürsəti olacaq. Həmin gün müxtəlif müsabiqələr, festivallar, sərgilər və moda gecələri, ölkənin şəhərlərinin küçələrində milli geyimdə karnaval yürüşü keçirmək mümkündür. Möhtəşəm bayram uzun müddət insanların yaddaşında qalacaq və şübhəsiz ki, irsimizin, mədəniyyətimizin və incəsənətimizin çox gözəl təbliği olacaq”. 

Son xəbərlər

Orphus sistemi