Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Moskvada “İntermuzey-2016” beynəlxalq muzeylər festivalında iştirak edib. Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, festivalda muzeyin təqdim etdiyi ekspozisiyada Azərbaycan milli musiqi alətlərindən başqa, Azərbaycanın muğam, aşıq sənəti, tar ifaçılığı sənəti YUNESKO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin incisi elan edilməsini göstərən banner, “Qovorim o vas...” (“Sizdən danışırıq...”) adlı rollarlarda XX əsrin əvvələrində başqa mədəniyyətlərlə, o cümlədən, Rusiya və digər MDB ölkələri ilə mədəni əlaqələri əks etdirən çoxlu muzey materialları nümayiş etdirilib.
Muzeyin Qədim Musiqi Alətləri Ansamblının üçlüyünün ifasında Azərbaycan musiqisi səslənib.
Həmçinin, ansambl Azərbaycan musiqi alətlərində Sergey Prokofyevin anadan olmasının 125 illiyi ilə əlaqədar bəstəkarın “Üç portağala məhəbbət” operasından marşı ifa edib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə Rusiya Federasiyasının mədəniyyət naziri V.R.Medinskinin imzası ilə “İntermuzey – 2016” festivalında iştirakçı diplomu təqdim edilib.

