Bakı. 5 yanvar. REPORT.AZ/ “İçəri Şəhər” filmi beynəlxalq film festivalında nümayiş etdiriləcək.
“Azərbaycanfilm” kinostudiyasından "Report"a verilən məlumata görə, film Hindistanın 15-ci “Pune” Beynəlxalq Film Festivalının dünya kinosu bölümünə dəvət alıb.
Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.
Festival yanvarın 12-dən 19-dək Puna şəhərində keçiriləcək.
