Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakı Ekspo Mərkəzində 10-cu Beynəlxalq Təhsil sərgisinin açılışı olub.
"Report"un məlumatına görə, açılışda çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, sərgi Azərbaycan təhsilinin gələcək inkişafına öz töhfəsini vermiş olacaq.
O qeyd edib ki, Təhsil Nazirliyi sərgiyə rəsmi dəstək verir: "Sərgi çərçivəsində ziyarətçilərə bakalavriat, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və MBA proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq".
C. Bayramov vurğulayıb ki, ziyarətçilər sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbula daha yaxşı hazırlıq, sənəd qəbulu müddəti, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı qazanacaqlar: “Müxtəlif layihələrdə olan brendlərini də sərgidə görmək mümkün olacaq. Bu il həm də Azərbaycanda yeni fəaliyyətə başlayan UFAZ Universitetinin stendləri də əks olunacaq. Bütün bunlar təhsil nailiyyətlərinin geniş şəbəkədə yayılması, yeniliklər barədə ictimaiyyətə ətraflı məlumat vermək üçün önəmlidir”.
“Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə bildirib ki, bu il sərgidə 14 ölkədən 118 müəssisə iştirak edəcək.
Qeyd olunub ki, bu il sərgidə Almaniya, Latviya, Litva, Polşa, Macarıstan və digər ölkələrin ali təhsil müəssisələri, kollec və digər təhsil qurumlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcəklər.
Çıxışlardan sonra qonaqlar və iştirakçılar sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgidə Azərbaycanı təmsil edən təhsil müəssisələrinin siyahısında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti (Gəncə), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Gəncə Dövlət Universiteti və “CELT Colleges” yer tutub. Sərgidə hər il fəal iştirak edən Təhsil Nazirliyinin stendində isə nazirliyin yaxın illər üçün plan və proqramları barədə informasiya təqdim olunacaq.
Xatırladaq ki, sərgi oktyabrın 9-na kimi davam edəcək.